Az | EN

Perplexity "Comet" brauzeri artıq Android-də

Nigar Sultanli
21 Noyabr 2025 12:11
42 baxış
Perplexity "Comet" brauzeri artıq Android-də

Brauzerin ən üstün cəhəti odur ki, süni intellekt sizin açdığınız saytların məzmununu "görə" və təhlil edə bilir. Məsələn, əgər ekranda bir neçə səhifə açıqdırsa, siz sadəcə danışaraq köməkçidən həmin səhifələrdəki məlumatları ümumiləşdirməyi və ya oradakı konkret bir suala cavab tapmağı xahiş edə bilərsiniz. Köməkçi bütün açıq pəncərələri oxuyub sizə qısa xülasə təqdim edir. Bundan əlavə, tətbiqdə reklamları əngəlləyən xüsusi funksiya (ad blocker) da var.

Şirkət bildirir ki, brauzer sizin tapşırığınızla internetdə araşdırma apara, hətta sizin yerinizə alış-veriş edə bilir. Bu zaman siz köməkçinin hansı addımları atdığını ekranda canlı izləyə bilirsiniz. Yaxın həftələrdə tətbiqə saytlararası axtarış apara bilən danışıq agenti və şifrələri yadda saxlayan (password manager) yeni funksiyaların da əlavə edilməsi planlaşdırılır.

Perplexity iOS versiyasının da tezliklə təqdim ediləcəyini açıqlayıb, lakin hazırda Android platformasına üstünlük verilib. Şirkət bunu mobil operatorların və cihaz istehsalçılarının "Comet"i öz sistemlərinə inteqrasiya etməyə göstərdikləri böyük maraqla əlaqələndirir.

© copyright 2022 | tech.az | info@tech.az