Bazar gününün səhəri. Stanford kampusundayam. Tələbələr ətrafımda, əllərində laptoplar, gözlərində gələcəyə olan inam. Mən isə kofemi yavaş-yavaş içirəm...Səssizcə müşahidə edirəm. Düşünürəm. Keçmişə qayıdıram. Hər qurtumda – biz haradan başladıq, hansı yanlışlara yol verdik, və bu gün İT sahəsində ilk addımlarını atmaq istəyən gənclərə hansı mesajları ötürə bilərik?
“Mən də IT öyrənəcəm ... yaxşı maaş alacağam… qısa zamanda vəzifəm yüksələcək…”
Bu cümlələri son illərdə neçə- neçə gəncdən eşitmişəm, sayını unuduram. Amma sonra nə olur? Bir neçə ay keçir və ümidlər yerini yorğunluğa, çaşqınlığa və motivasiyasızlığa verir.
Niyə?
Öyrənmək istədiyimiz sahə çox genişdir – İT. Amma bu genişlik bəzən bizi çaşdırır. Bəzən haradan başlayacağımızı belə bilmirik. Ən böyük səhvimiz – hər şeyə birdən başlamaq olur. Elə bil bir göydələnin ortasından pillələri çıxmağa çalışırıq, amma bünövrə yoxdur.
Əgər bu sahəyə marağın varsa, bil ki, bu yol bir günlük deyil — ömürlük bir səfərdir (istisnalar hər zaman). Amma inan, bu yolda atacağın hər addım səni daha güclü, daha bacarıqlı və daha azad bir insana çevirəcək. Zamanla beyin sürətin artacaq, düşüncə çevikliyin dəyişəcək. Elə anlar gələcək ki, birinin dediyi qeyri-ciddi fikrə verdiyin soyuqqanlı reaksiya belə ətrafındakılara təsir edəcək. Sən dəyişdikcə, ətraf da sənin ətrafında dəyişəcək.
Əgər sən də bu sahəyə başlamaq istəyirsənsə, amma içində bu suallar varsa:
“Haradan başlamalıyam?”
“Nə öyrənməliyəm?”
“Niyə irəliləyə bilmirəm?”
Bil ki, sən tək deyilsən. Bu suallar yüzlərlə, minlərlə insanın beynindən keçib. Mən də o yoldan keçmişəm. Elə buradakı tələbələr də. Ancaq fərqi yaradan – kimlərinsə bu suallardan qaçması, digərlərinin isə onların üzərinə getməsidir.
Niyə Böyük Texnologiya Şirkətləri Texniki Fakültə Məzunlarını Üstün Tutur? Çünki Əsas anlayışları bilirlər: Data strukturlar, alqoritmlər, OS, şəbəkə və kompüter arxitekturası haqqında təməl bilikləri var. Amma narahat olma: əgər texniki fakültə oxumamısansa belə, düzgün bir yol xəritəsi ilə bu bacarıqları özün öyrənə bilərsən.
İlk atacğın addım isə:
sistemli öyrənmək (yol xəritəsi və disiplin)
mentor (səni yönləndirəcək biri)
motivasiya (öz gələcəyin öz əllində)
Çünki bu sahədə uğur təsadüfi deyil. O, doğru plan, aydın yol xəritəsi və səbrlə gəlir.
Təməl biliklər nə deməkdir :
İngilis dilini öyrən, sonra İT yə başla
Linux-u öyrən, sonra Docker-i.
Konteynerləri öyrən, sonra Kubernetes-i.
Şəbəkəni öyrən, sonra Bulud xidmətlərini.
SQL-i öyrən, sonra ORM-i.
REST-i öyrən, sonra GraphQL-i.
JavaScript-i öyrən, sonra React-i.
Git-i öyrən, sonra Jenkins-i.
Data strukturlarını öyrən, sonra Leetcode məsələlərini.
….
Əsla Unutma
Hər mərhələdə öyrəndiklərini praktik layihəyə çevir. Portfolio olmadan sən öyrəndiklərini isbat edə bilməzsən.
Öyrənməkdən qorxma. Səhv etməkdən çəkinmə. Amma sistemsiz getmə. Yol xəritən olsun. Hədəfin olsun. Mentorun olsun. Və ən əsası – içindəki o alışqan marağı heç vaxt söndürmə.
İş yeri dəyişməyi ənəyə çevirmə.İlk 1-2 ildə bir yerdə qal, öyrən, səhv et, düzəlt, komanda içində böyü. Bu dövrdə qazandığın dayanıqlıq və əzmkarlıq, gələcəkdəki sənə böyük üstünlüklər verəcək.
Qısa zamanda "senior" olmağın arxasınca qaçma. Tez-tez vəzifə və maaş dəyişmək səni böyütmür — səni səthdə saxlayır. Çünki dərin bilik zaman, təkrar və məsuliyyətlə gəlir. Əgər hər dəfə çətinlik görəndə çıxıb gedirsənsə, sən sadəcə təcrübə yığırsan, təcrübədən keçmirsən.
Sürətli yol yox, davamlı yol var. Əgər bu gün təməl qoysan, sabah istədiyin zirvəyə qalxmaq daha asan olacaq. Yol xəritəsiz yola çıxan tez dayanır. Ancaq sən yol xəritənlə, motivasiyanla və dayanmadan öyrənməklə uğur qazanacaqsan.
Stanforddakı bu sakit səhər mənə bir şeyi xatırlatdı: doğru mühitdə olmaq, doğru fikirlərlə nəfəs almaq, insanı dəyişdirir. Bəlkə də sənin bu gün tək addımın – sabah sənin həyatını dəyişdirəcək ilk səhifədir.
“Uğur, təməlin doğru qoyulduğu zaman mümkündür.”