Az | EN

Köhnə sınıq telefonları data mərkəzinə çevrilib

Cəmil Hüseynzadə
15 İyun 2026 12:53
56 baxış
Köhnə sınıq telefonları data mərkəzinə çevrilib

Kaliforniya Universitetinin San-Dieqo kampusunun (UCSD) tədqiqatçıları Google ilə birlikdə köhnə Pixel smartfonlarına yeni həyat veriblər. Layihə çərçivəsində istifadədən çıxmış telefonlar aşağı büdcəli data mərkəzi kimi yenidən istifadəyə hazırlanıb.

Tədqiqatçılar telefonların ekran, batareya, kamera və digər lazımsız hissələrini çıxarıb, yalnız əsas platanı saxlayıblar. Daha sonra Android əməliyyat sistemi silinərək onun yerinə data mərkəzlərində istifadə olunan Linux sistemi quraşdırılıb.

Araşdırmaya görə, cəmi üç il əvvəl istehsal edilmiş smartfonların tək nüvə performansı bəzi müasir server prosessorlarını geridə qoyur. Testlər göstərib ki, 25-50 köhnə telefonun yaratdığı hesablama gücü bir server səviyyəli prosessorun gücünə bərabər ola bilər.

UCSD hesab edir ki, 20 telefondan ibarət klaster 75-dən çox tələbəsi olan bir dərsin ehtiyac duyduğu tətbiqləri işlədə bilir. Universitet gələcəkdə 2 min köhnə telefondan ibarət lokal data mərkəzi quraraq eyni vaxtda yüzlərlə sinfə xidmət göstərməyi planlaşdırır.

Layihənin əsas məqsədi elektron tullantıların həcmini azaltmaq, köhnə cihazlardan yenidən istifadə etmək və təhsil müəssisələri üçün daha ucuz hesablama infrastrukturu yaratmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az