Az | EN

Liberman qardaşları Durovun Sİ strategiyasını tənqid etdilər

Nigar Sultanli
29 Oktyabr 2025 15:19
57 baxış
Liberman qardaşları Durovun Sİ strategiyasını tənqid etdilər

"Silikon Vadisinin ideya novatorları" kimi tanınan Daniil və David Liberman qardaşları, Telegram-ın süni intellekt sahəsindəki addımlarını tənqid ediblər. Onlar hesab edirlər ki, Pavel Durov iki il əvvəl mərkəzləşdirilməmiş Sİ fürsətini əldən verib və indi sadəcə bazardakı rəqiblərə çatmaq üçün "nəsə etməyə" çalışır.

Libermanlar podkastda bildiriblər ki, hələ iki il əvvəl Durov qardaşları ilə mərkəzləşdirilməmiş süni intellekt modelinin tətbiqini müzakirə ediblər. Lakin o zaman Pavelin qardaşı Nikolay Durov bu modelin işləyəcəyinə şübhə ilə yanaşıb və bununla bağlı "öz fikirləri olduğunu" söyləyib. Daniil Libermanın sözlərinə görə, "İki il keçdi və gördük ki, [Nikolayın fikirləri] işə yaramadı. İndi isə onlar açıq-aşkar sadəcə nəsə etməyə çalışırlar."

Liberman qardaşlarının əsas arqumenti budur: ABŞ-nin nəhəng texnologiya korporasiyaları (böyük beşlik) milyonlarla qrafik prosessora (GPU) sahib olmaqla bazarda hökmranlıq edirlər. David Libermana görə, onlarla rəqabət aparmağın yeganə yolu məhz mərkəzləşdirilməmiş Sİ modelidir.

Daniil Liberman əlavə edib ki, Telegram, Canva, Picsart kimi şirkətlərin hamısının Sİ modelləri (LLM, qrafik modellər) üçün böyük hesablama gücünə ehtiyacı var. Əgər hər kəs "öz kiçik GPU payı" uğrunda mübarizə aparsa, milyonlarla GPU-su olan nəhəngləri heç vaxt yaxalaya bilməyəcəklər. Hətta Soranın təqdim etdiyi kimi "bir kliklə video yaratmaq" funksiyası belə nəhəng resurslar tələb edir.

Qardaşlar Telegram-ın bu yaxınlarda Qazaxıstanda süni intellekt laboratoriyası açmaq və yerli superkompüter klasteri ilə əməkdaşlıq etmək planlarına da şübhə ilə yanaşıblar. David Liberman bu addımı birmənalı qarşılamayıb: "Qazaxıstanda milyon GPU yoxdur və olmayacaq."

Onların fikrincə, Qazaxıstan (BƏƏ və ya Vyetnam kimi) sadəcə məhdud sayda GPU alıb və indi Sİ sahəsində "suverenliyini" qorumaq üçün onları necə tətbiq edəcəyini axtarır. Bu, qlobal rəqabət üçün yetərli deyil və Durov sadəcə özü üçün nəsə etməyə çalışır, çünki artıq Sİ olmadan irəliləmək mümkün deyil.

Bəs çıxış yolu nədir? David Liberman hesab edir ki, bu cür təşəbbüslər yalnız açıq (open-source) olduqda və müxtəlif oyunçuların iştirakına imkan yaradıldıqda uğur qazana bilər. Məqsəd, ən azı Çinin "DeepSeek" modeli ilə müqayisə oluna biləcək bir ekosistem yaratmaqdır.

Lakin Daniil Liberman əlavə edir ki, təkcə "open-source" kifayət deyil. Bunun üçün Bitcoin-ə bənzər bir "maliyyə çərçivəsi" (financial framework) lazımdır. Yəni, insanların öz hesablama güclərini təqdim etməsi üçün maliyyə motivasiyası yaradılmalıdır. Bu, dəyəri bazar və spekulyasiya tərəfindən müəyyən edilən bir növ "valyuta" vasitəsilə təmin oluna bilər.

© copyright 2022 | tech.az | info@tech.az