Az | EN

Sipay elektron pul təşkilatını fəaliyyəti dayandırılıb

Cəmil Hüseynzadə
29 Oktyabr 2025 13:19
67 baxış
Sipay elektron pul təşkilatını fəaliyyəti dayandırılıb

Türkiyə Mərkəzi Bankı (TCMB) elektron pul və ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən üç şirkətin – Sipay Elektronik Para və Ödəniş Xidmətləri AŞ, Vepara Elektronik Para və Ödəniş Xidmətləri AŞ və Fzypay Elektronik Para və Ödəniş Xidmətləri AŞ – bəzi fəaliyyət icazələrini müvəqqəti olaraq dayandırıb.

Beləliklə, bu qərarla birlikdə elektron pul və ödəniş xidmətləri sektorunda icazəsi müvəqqəti dayandırılan şirkətlərin ümumi sayı 9-a yüksəlib.
TCMB-nin açıqlamasında bildirilib ki, sözügedən şirkətlərin 6493 saylı “Ödəniş və Qiymətli Kağızların Hesablaşma Sistemləri, Ödəniş Xidmətləri və Elektron Pul Qurumları haqqında Qanun”un 12-ci maddəsinin birinci bəndinin (b) və (c) hissələrində qeyd edilən ödəniş xidmətləri, eləcə də 18-ci maddənin ikinci bəndinə əsasən elektron pul emissiyası (buraxılışı) üzrə icazələri müvəqqəti olaraq dayandırılıb.

Mərkəzi Bankın məlumatına görə, elektron pul şirkətlərinin hamısı qanunun 18-ci maddəsinə əsasən elektron pul buraxmaq hüququna malikdir. Bununla yanaşı, ödəniş xidmətləri təqdim etmək icazələri 12-ci maddəyə uyğun olaraq şirkətlər arasında fərqlənir.

Sipay Türkiyədə fintex (maliyyə texnologiyaları) sahəsində ən sürətlə böyüyən elektron pul və ödəniş platformalarından biri kimi tanınır. Startap son illərdə onlayn ödənişlər, rəqəmsal cüzdanlar və korporativ ödəmə sistemləri üzrə innovativ xidmətləri ilə önə çıxırdı. Ötən ilin sentyabr ayında Sipay Azərbaycan bazarına daxil olduğunu açıqlamışdı.

Müvəqqəti dayandırılma qərarı, sektor müşahidəçiləri tərəfindən tənzimləmə və şəffaflıq prosesinin bir hissəsi kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, Sipay və digər startaplar müvafiq tələbləri yerinə yetirdikdən sonra fəaliyyətlərini bərpa edə bilərlər.

Fəaliyyəti dayandırılan və ya idarəçiliyə götürülən digər şirkətlər:

  • Fzypay Elektronik Para və Ödəniş Xidmətləri AŞ
  • İninal Ödəniş və Elektron Pul Xidmətləri AŞ – 14 mart 2025-də TMSF tərəfindən idarəçiliyə götürülüb
  • Paladyum Elektronik Para və Ödəniş Xidmətləri AŞ
  • Papara Elektronik Para AŞ – 27 may 2025-də TMSF tərəfindən idarəçiliyə götürülüb
  • ParaQR Elektronik Para və Ödəniş Xidmətləri AŞ
  • Parolapara Elektronik Para və Ödəniş Xidmətləri AŞ
  • Payco Elektronik Para və Ödəniş Xidmətləri AŞ
  • Vepara Elektronik Para və Ödəniş Xidmətləri AŞ

Bundan əlavə, TCMB-nin siyahısına əsasən fəaliyyət icazəsi tamamilə ləğv edilmiş şirkətlər aşağıdakılardır:

  • Paybull Ödəniş Xidmətləri və Elektron Pul AŞ
  • IQ Money Ödəniş Xidmətləri və Elektron Pul AŞ
  • Paypole Ödəniş Xidmətləri və Elektron Pul AŞ
© copyright 2022 | tech.az | info@tech.az