Az | EN

Vikipediyanın qurucusu Grokipedianı tənqid edib

Nigar Sultanli
29 Oktyabr 2025 12:47
52 baxış
Vikipediyanın qurucusu Grokipedianı tənqid edib

Vikipediyanın qurucusu Cimmi Uels, İlon Maskın bu yaxınlarda təqdim etdiyi Grokipedia layihəsinə və süni intellektin ensiklopediyalarda istifadəsinə şübhə ilə yanaşdığını bildirib.

Uels etiraf edib ki, Grokipedianı hələ şəxsən yoxlamayıb. Lakin o, istifadəçilərdən eşitdiklərinə görə, yeni platformanın İlon Maskın özünü tərifləyən yazılarla dolu olduğunu qeyd edib. Uels həmçinin Maskın hazırkı məqamda ciddi bir layihə ortaya qoyacağına inanmadığını vurğulayıb.

Uelsin əsas narahatlığı süni intellektin etibarlılığı ilə bağlıdır. O hesab edir ki, böyük dil modelləri hələ də çoxlu səhvlərə yol verir və Vikipediya səviyyəsində keyfiyyətli məqalələr yazmaq üçün hələ yetərli səviyyədə deyil.

Vikipediya qurucusu Sİ-nin dezinformasiya problemini daha da dərinləşdirəcəyindən ehtiyatlanır. O, neyroşəbəkələrin inandırıcı görünən mətnlərlə dolu saxta saytlar yaratmaq riskinə diqqət çəkib. Uelsin fikrincə, illərdir faktları yoxlamağa öyrəşmiş Vikipediya icmasını aldatmaq çətin olsa da, milyonlarla digər insanı çaşdırmaq çox asan olacaq.

Bununla belə, Cimmi Uels süni intellektə tamamilə qarşı çıxmır. O, Sİ-nin alət kimi faydalı ola biləcəyini deyir. Məsələn, Vikipediya məqalələri üçün mənbələrin axtarılmasında və ya həmin mənbələrdən əlavə məlumatların tapılmasında Sİ-dən istifadə etmək olar.

Xatırladaq ki, İlon Mask Grokipedianı Vikipediyaya rəqib kimi təqdim edib. Platforma zahirən Vikipediyaya bənzəyir və bəzi hallarda məlumatları birbaşa oradan götürdüyü də müşahidə edilib.

© copyright 2022 | tech.az | info@tech.az