2025-ci ildə Özbəkistan vətəndaşları “Günəş evi” proqramı çərçivəsində günəş panelləri vasitəsilə istehsal etdikləri elektrik enerjisini şəbəkəyə verərək $17,4 mln qazanc əldə ediblər. Proqram 2023-cü ilin fevralında Prezident Şavkat Mirziyoyev tərəfindən elan olunub və hər 1 kVt⋅saat üçün təxminən $0,08 subsidiya təmin edir. Məqsəd ev sahiblərinin əlavə gəlir qazanmasını və ölkədə təmiz enerji istehsalını artırmaqdır.
Proqram çərçivəsində əhali evlərinə günəş panelləri quraşdırır, istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatına sərf edir, qalanını isə şəbəkəyə satır. Dövlət hər 1 kVt⋅saat elektrik üçün subsidiya ödəyir və ödənişlər Soliq tətbiqi vasitəsilə bank kartlarına köçürülür.
Ən çox subsidiya Xorəzm ($4,6 mln), Qaraqalpaqstan ($2,4 mln) və Buxara ($2,1 mln) bölgələrinə düşüb, Təşkent altıncı yerdədir. 2025-ci ilin üçüncü rübündə ödənişlər pik həddə — $7,5 mln-a çatıb. Proqram həmçinin komponentlərin idxal rüsumu və ƏDV-dən azad edilməsini və 903 kasıb məhəllədə pulsuz kiçik günəş stansiyalarının quraşdırılmasını nəzərdə tutur.
