Nvidia Intel şirkətinin təxminən 214,7 milyon səhmini bir səhm üçün 23,28 dollar qiymətinə alaraq ümumilikdə 5 milyard dollarlıq investisiya qoyub. Bu barədə Reuters məlumat yayıb. Şirkətlər arasında strateji tərəfdaşlıq 2025-ci ilin sentyabrında ictimaiyyətə açıqlanmışdı.
Sövdələşmə ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən təsdiqlənib. Nvidia-nın Intel-də əldə etdiyi payın dəqiq faizi açıqlanmayıb. Bloomberg qeyd edir ki, bu investisiya Intel-in son illərdə yol verdiyi strateji səhvlər və maliyyə resurslarının zəifləməsindən sonra şirkətin mövqeyini gücləndirməyə hesablanıb.
Əməkdaşlıq çərçivəsində Intel, Nvidia RTX qrafik çiplərindən istifadə etməklə x86 əsaslı təkçipli sistemlər (SoC) istehsal edəcək. Bundan başqa, tərəflər data mərkəzləri üçün yeni nəsil mərkəzi prosessorların (CPU) birgə hazırlanmasını da planlaşdırır.
Xatırladaq ki, Intel 2025-ci ilin avqustunda SoftBank-dan 2 milyard dollar investisiya cəlb edib. Həmin ay şirkət səhmlərinin təxminən 10%-ni ABŞ hökumətinə ötürüb.
