"Nvidia" şirkəti 2025-ci maliyyə ilinin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Göstəricilər analitiklərin proqnozlarını üstələyərək rekord həddə çatıb. Belə ki, şirkətin rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 62% artaraq 57 milyard dollar təşkil edib. Xalis mənfəət isə 65% artımla 31,91 milyard dollara (hər səhmə görə 1,3 dollar) yüksəlib.
Gəlirlərin formalaşmasında əsas payı – 51,2 milyard dolları məlumat mərkəzləri (Data Centers) seqmenti tutur ki, bunun da böyük qismini hesablama resursları, yəni qrafik prosessorların satışı təşkil edir.
Şirkətin rəhbəri Jensen Huanq bildirib ki, hazırda ən çox tələbat ikinci nəsil "Blackwell Ultra" çiplərinədir və istehsal edilən bütün məhsullar dərhal realizə olunur. Bazarda "süni intellekt köpüyü" olması barədə iddiaları rədd edən Huanq, şirkətin gələcək proqnozlarına nikbin yanaşır. "Nvidia" dördüncü rübdə gəlirlərinin 65 milyard dollara çatacağını hədəfləyir. Bu müsbət göstəricilər fonunda şirkətin səhmləri birjaqabağı ticarətdə bahalaşaraq 196 dollar səviyyəsinə yüksəlib.
