Az | EN

OpenAI “ChatGPT Atlas” brauzerinə yeni funksiyalar əlavə edib

Nigar Sultanli
21 Noyabr 2025 10:52
60 baxış
OpenAI “ChatGPT Atlas” brauzerinə yeni funksiyalar əlavə edib

OpenAI şirkəti oktyabr ayında təqdim etdiyi "ChatGPT Atlas" süni intellekt brauzerini təkmilləşdirməyə davam edir. Son yenilənmə ilə brauzerə istifadəçi rahatlığını təmin edən şaquli yerləşən sayt panelləri funksiyası əlavə edilib. Bu yenilik sayəsində istifadəçilər adətən ekranın yuxarı hissəsində sıralanan açıq pəncərə panellərini ekranın sol tərəfindəki idarəetmə lövhəsinə keçirə bilərlər. Dizayndakı bu dəyişikliyi tətbiq etmək üçün sadəcə sayt ünvanı hissəsinə daxil olub görünüş rejimini dəyişmək kifayətdir.

Dizayn yenilikləri ilə yanaşı, brauzerin texniki imkanları da genişləndirilib. İstifadəçilər artıq Google-u əsas axtarış sistemi kimi təyin edə, digər brauzerlərdə istifadə etdikləri xüsusi əlavələri buraya köçürə və iCloud Passkeys təhlükəsizlik sistemindən yararlana bilərlər. Eyni zamanda, birdən çox açıq pəncərəni seçib idarə etmək imkanı da yaradılıb. Xatırladaq ki, "ChatGPT Atlas" hələlik yalnız macOS əməliyyat sistemi üçün əlçatandır.

Şirkətin digər yeniliyi isə ChatGPT qrup çatlarının bütün dünyada istifadəyə verilməsidir. Noyabr ayında müxtəlif ölkələrdə sınaqdan keçirilən bu funksiya artıq qlobal miqyasda aktivləşdirilib. İndi istər ödənişsiz versiya istifadəçiləri, istərsə də abunəçilər (Go, Plus, Pro) birbaşa dəvət linki vasitəsilə 20 nəfərədək iştirakçını eyni çata əlavə edə və süni intellektin iştirakı ilə kollektiv müzakirələr apara bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az