OpenAI, CEO Sam Altman və Apple-ın tanınmış dizayneri Jony Ive-in dostluğunu və onların birgə yaratdığı “io” adlı yeni cihaz startapını əks etdirən təqdimat videosunu rəsmi saytından və YouTube kanalından silib. Videoda həmçinin bu layihənin OpenAI tərəfindən 6.5 milyard dollara alınması barədə məlumat verilib.
Bu addım razılaşmanın pozulduğu anlamına gəlmir. Bloomberg-in jurnalisti Mark Gurman bildirib ki, razılaşma hələ də qüvvədədir və heç bir problem yoxdur. Videonun silinməsinə səbəb “io” adının istifadəsi ilə bağlı məhkəmə qərarıdır.
Məlumata görə, iyO adlı başqa bir şirkət OpenAI-yə qarşı məhkəmə iddiası qaldırıb. Bu şirkət süni intellekt texnologiyaları üzərində işləyir və “io” adına oxşar olan “iyO” adını artıq qeydiyyatdan keçirib. Məhkəmə ilkin mərhələdə OpenAI-nin təqdimat videosunun istifadəçilərdə çaşqınlıq yarada biləcəyini qəbul edib və şirkətə videonu silməyi əmr edib.
OpenAI məsələ ilə bağlı açıqlama verərək bildirib:
“Bu səhifə, ‘io’ adından istifadə ilə bağlı iyO şirkətinin şikayətinə əsasən məhkəmə qərarı ilə müvəqqəti olaraq deaktiv edilib. Biz bu şikayətlə razı deyilik və hüquqi addımlarımızı nəzərdən keçiririk.”
Şirkət əlavə edib ki, bu məhkəmə prosesi “io” ilə bağlı razılaşmaya heç bir təsir göstərmir.
Hazırda təqdimat videosuna yalnız X (əvvəlki Twitter) platformasında baxmaq mümkündür.