Samsung şirkəti Tesla ilə böyük həcmli yarımkeçirici çip tədarükü müqaviləsi imzalayıb. Bloomberg-in verdiyi məlumata görə, müqavilənin ümumi dəyəri 16,5 milyard dollar təşkil edir və 2033-cü ilə qədər qüvvədə olacaq. Bu razılaşma çərçivəsində Samsung Texasda yerləşən zavodunda Tesla üçün yeni nəsil süni intellekt (AI) çiplərinin istehsalına başlayacaq.
Tesla artıq Samsung-dan AI4 adlı süni intellekt çipləri alır və gələcəkdə AI6 adlı daha inkişaf etmiş çiplərin tədarükü də Samsung tərəfindən həyata keçiriləcək. Digər tərəfdən, Tesla-nın AI5 çiplərinin istehsalı və tədarükü Tayvanın qabaqcıl yarımkeçirici istehsalçısı TSMC şirkətinə həvalə olunub.
Hazırda Samsung dünya mikročip bazarında payını itirməkdədir. 2025-ci ilin ilk rübündə Samsung-un bazar payı 7,7% olub ki, bu, əvvəlki rübə nisbətən 0,4% azalma deməkdir. Əksinə, TSMC şirkətinin payı həmin dövrdə 67,6% səviyyəsində qalır. Ekspertlər bildirirlər ki, Samsung istehsal gücünün tam dolmadığı və sifarişlərin az olduğu bir dövrdədir. Tesla ilə bu əməkdaşlıq Samsung-a digər müştəriləri cəlb etməkdə və bazar mövqeyini gücləndirməkdə kömək edə bilər.
Bununla yanaşı, Tesla-nın maliyyə göstəricilərində də azalma müşahidə olunur. Şirkətin 2025-ci ilin ikinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalıb və 1,17 milyard dollar səviyyəsindədir. Ümumi gəliri isə 12% azalaraq 22,5 milyard dollar təşkil edib.
Bu razılaşma həm Samsung, həm də Tesla üçün strateji əhəmiyyət daşıyır: Samsung öz texnologiya istehsalını genişləndirir, Tesla isə yeni nəsil AI çipləri ilə məhsullarının texnoloji səviyyəsini yüksəltməyi hədəfləyir.