Elm və Təhsil Nazirliyi və "Cisco" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən etibarən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması planlaşdırılır. Bu təşəbbüs Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə həyata keçiriləcək və şəbəkə texnologiyaları sahəsində yerli mütəxəssislərin hazırlanmasını hədəfləyir.
"Cisco" Şəbəkə Akademiyasının əsas məqsədi informasiya texnologiyaları (İT) sahəsində bilik və bacarıqların artırılmasıdır. Akademiya çərçivəsində tələbələr şəbəkə texnologiyalarının əsasları, əməliyyat sistemləri, əşyaların interneti (IoT), proqramlaşdırma, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik kimi sahələrdə ixtisaslaşmış təlimlərdən keçəcəklər. Bu proqramlar tələbələrə müasir texnologiyaların tətbiqi və təhlükəsiz istifadəsi sahəsində geniş biliklər və praktiki təcrübə qazandıracaq.
Yeni akademiyanın yaradılması Qarabağ bölgəsinin İT sahəsində inkişafına mühüm töhfə verməklə yanaşı, yerli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə dəstək olacaq. "Cisco" Akademiyası beynəlxalq sertifikatlaşdırma imkanları ilə tələbələrə dünya səviyyəli təhsil təklif edir. Sertifikatlar, məzunlara qlobal İT sahəsində iş imkanları əldə etməyə kömək edəcək.
Elm və Təhsil Nazirliyi ilə "Cisco" arasında əməkdaşlıq Azərbaycanın rəqəmsal gələcəyinə xidmət edən strateji addımlardan biridir. Nazirlikdən bildirilib ki, bu cür layihələr ölkənin İT ekosisteminin güclənməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.
Tədris proqramına qatılan tələbələr, həmçinin, innovativ layihələr və startap yarada biləcəklər. Onlar əldə etdikləri bilik və bacarıqlarla yeni texnoloji həllər və məhsullar yarada, yerli bizneslərə texnoloji dəstək verə biləcəklər.
Bu təşəbbüs Qarabağ bölgəsində təhsil və iqtisadi inkişafın sürətlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Qarabağ Universitetində "Cisco" Şəbəkə Akademiyasının yaradılması, bölgədə yüksək ixtisaslı İT mütəxəssislərinin hazırlanması üçün əsas platforma rolunu oynayacaq.