Qazaxıstanın Süni İntellekt və Rəqımsal İnkişaf Nazirliyi ilə ABŞ-nin Groq Inc. şirkəti arasında süni intellekt və qabaqcıl hesablama sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Groq-un infrastrukturunun Qazaxıstanda yerləşdirilməsi, Alem.AI və Astana Hub bazasında pilot layihələrin həyata keçirilməsi planlaşdırılır. Məqsəd, yüksək məhsuldarlıqlı hesablamaları (HPC) və Sİ-ni dəstəkləmək üçün yeni nəsil bulud data mərkəzləri yaratmaqdır. Groq, həmçinin Qazaxıstanda rəsmi nümayəndəlik və ya innovasiya mərkəzi açmaq imkanlarını nəzərdən keçirir.
Eyni zamanda, Nazirlik kiber-təhlükəsizlik sahəsində Palo Alto Networks ilə də memorandum imzalayıb. Bu razılaşma Qazaxıstanın kritik rəqəmsal aktivlərinin qorunmasını gücləndirmək, süni intellektə əsaslanan alətlər də daxil olmaqla qabaqcıl texnologiyalar əldə etmək və mütəxəssislərin hazırlanması üçün yeni təhsil proqramlarını tətbiq etmək məqsədi daşıyır.
Bu sənədlər Vaşinqtonda keçirilən C5+1 biznes konfransında imzalanıb. Həmin tədbirdə həmçinin OpenAI ilə təhsil sisteminə Sİ həllərinin tətbiqi, Oracle şirkətinin Sİ strategiyasına dəstəyi, Air Astana-nın 7 milyard dollarlıq 18 Boeing 787-9 Dreamliner təyyarəsi alması, BETA Technologies ilə Alatau şəhərində "hava taksisi" sistemi üçün 300 milyon dollarlıq elektrikli təyyarələrin (eVTOL) alınması, John Deere ilə 2,5 milyard dollarlıq strateji tərəfdaşlıq, Qazaxıstan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi üçün 1,6 milyard dollar maliyyə cəlbi, eləcə də volfram yataqlarının işlənməsi və maliyyə sektorunda ABŞ-ın böyük şirkətləri ilə əməkdaşlıq kimi digər mühüm razılaşmalar da əldə edilib.
