Samsung Electronics bu ay bəzi yaddaş çiplərinin qiymətlərini kəskin şəkildə artırıb. Bu artıma səbəb süni intellekt (Sİ) data mərkəzlərinin qurulması uğrunda qlobal rəqabətin yaratdığı ciddi təchizat qıtlığıdır. Sentyabr ayı ilə müqayisədə qiymət artımının 60%-ə çatdığı bildirilir.
Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Samsung, adətən hər ay açıqlanan müqavilə qiymətlərini oktyabr ayında elan etməyi təxirə salmışdı. Əsasən serverlərdə istifadə olunan bu çiplərin qiymətlərinin kəskin artması, data infrastruktur quran böyük şirkətlər üçün ciddi çətinliklər yaradacaq. Bu artım həmçinin smartfon və kompüter kimi digər məhsulların da maya dəyərini artırmaq təhlükəsi yaradır.
"Fusion Worldwide" distribyutor şirkətinin prezidenti Tobey Gonnerman bildirib ki, Cənubi Koreya şirkətinin 32 GB DDR5 yaddaş çipi modulunun müqavilə qiyməti sentyabrda 149 dollar idisə, noyabrda 239 dollara yüksəlib. Həmçinin, 16GB və 128GB çiplərin qiymətləri təxminən 50%, 64GB və 96GB çiplərin qiymətləri isə 30%-dən çox artıb.
Sənaye rəhbərləri və analitiklərə görə, çip qıtlığı o qədər ciddidir ki, bəzi müştərilər arasında "panika alışı"na (panic buying) səbəb olub. Çinli smartfon istehsalçısı Xiaomi də keçən ay artan qiymətlərin telefonların maya dəyərini yüksəltdiyi barədə xəbərdarlıq etmişdi.
Bununla belə, bu vəziyyət qabaqcıl Sİ çipləri təklif etməkdə rəqiblərindən geri qalan Samsung üçün əlverişlidir. Analitiklərə görə, Samsung indi SK Hynix və Micron kimi rəqiblərlə müqayisədə daha yaxşı qiymət təyin etmə gücünə malikdir. TrendForce analitiki Ellie Wang, Samsung-un oktyabr-dekabr rübündə müqavilə qiymətlərini 40-50% artıracağını proqnozlaşdırır (bu, sənaye üzrə gözlənilən orta 30% artımdan daha yüksəkdir). O, tələbatın çox güclü olduğunu və müştərilərin artıq 2026 və 2027-ci illər üçün uzunmüddətli müqavilələr bağladığını əlavə edib.
