“Revolut” ilk fiziki kripto kartını təqdim edib. Şirkətin mayın 18-də istifadəyə verdiyi yeni kart “Dogecoin” dizaynında hazırlanıb və ödəniş zamanı LED işıq effekti ilə aktivləşir.
Yeni kart Böyük Britaniya və Avropa İqtisadi Zonasında istifadəyə verilib. Kart “Visa” və “Mastercard” qəbul olunan bütün məntəqələrdə işləyir.
“Revolut”un açıqlamasına görə, istifadəçilər kriptovalyuta balansı ilə birbaşa ödəniş edə biləcəklər. Sistem alış zamanı kriptovalyutanı avtomatik olaraq fiat pula çevirəcək və əlavə konvertasiya komissiyası tətbiq olunmayacaq.
Kart üzrə bir əməliyyat üçün maksimum limit 100 min funt sterlinq müəyyən edilib. Həmçinin 24 saat ərzində 100 dəfə valyuta dəyişimi etmək mümkün olacaq.
Şirkət bildirir ki, bu addım kriptovalyutaların gündəlik ödənişlərdə istifadəsini daha da artırmağı hədəfləyir. Hazırda “Revolut”un dünya üzrə 70 milyondan çox istifadəçisi var.
Qeyd edək ki, şirkət mart ayında Böyük Britaniyada tam bank lisenziyası əldə edib və ABŞ bazarına giriş üçün də müraciət edib.
