X sosial şəbəkəsi Premium abunəliyi olmayan hesablar üçün yeni istifadə limitləri tətbiq etdiyini açıqlayıb. Şirkətin bildirdiyinə görə, bu addım platformadakı texniki problemlərin və server yüklənməsinin azalmasına kömək edəcək.
Yeni qaydalara əsasən, təsdiqlənməmiş istifadəçilər gündə maksimum 50 paylaşım edə və 500 şəxsi mesaj göndərə biləcəklər. Bundan əlavə, cavab sayı gündə 200, yeni izləmə sayı isə 400 ilə məhdudlaşdırılıb.
Şirkət həmçinin qısa müddət ərzində edilən paylaşım və cavablarla bağlı əlavə limitlərin də tətbiq olunduğunu bildirib. Lakin bu məhdudiyyətlərin detalları açıqlanmayıb.
Qaydalar bütün cihazlardan edilən fəaliyyətləri və üçüncü tərəf tətbiqlərinin API sorğularını da əhatə edir. İstifadəçi müəyyən edilmiş limiti keçərsə, sistem tərəfindən xəta bildirişi göstəriləcək.
Qeyd edək ki, X platformasında ödənişli Premium abunəliyi 2022-ci ilin noyabrında istifadəyə verilib. Abunə haqqı aylıq 3 dollardan başlayır.
