Az | EN

Rizvan Bağırlı yazır: “Yenilənən Bakcell haqqında fikir və şərhlərim”

Cəmil Hüseynzadə
26 Aprel 2024 16:30
1224 baxış
Rizvan Bağırlı yazır: “Yenilənən Bakcell haqqında fikir və şərhlərim”

Azərbaycanın ən böyük texnologiya şirkətlərindən biri olan Bakcell rebrendinq edib. Bakcell bu rebrendinq ilə daha innovativ olduğunu bildirməyə çalışıb.
Rebrendinq haqqında dizayn üzrə ekpser Rizvan Bağırlı öz fikirlərini yazıb.

 

Tələbələrin işlərini açıb şərh verərkən bir əsas prinsipim var: ilk təəssürat. Dizayna uzaqdan baxdıqda ilk təəssüratım müsbətdirsə, iş uğurludur. Yaxınlaşdırıb detalları incələdikdə təbii ki, nöqsanlar aşkar olunacaqdır. Amma bir qayda olaraq bunları düzəltmək o qədər də çətinlik törətmir.

Dünən hər kəsə təqdim edilən Bakcell-in yeni vizual kimliyi ilə bir neçə gün əvvəl tanış olmuşam. Bakcell komandası məni yeni brendinq ilə tanış edərkən elə ilk slaydda sözlərini kəsməyə məcbur olub onlara yuxarıdakı prinsipimi xatırlatdım. İlk slayddan yeni korporativ kimlik ilə bağlı təəssüratlarım pozitiv oldu. Təqdimat əsnasında müəlliflərlə bölüşdüyüm bəzi profesional fikirlərimi bu məqaləmdə də qeyd etmək istərdim.

Tipoqrafik loqotip.

Tanınmış brendlərin rebrendinqi zamanı auditoriyanın hədəfi əksər hallarda loqotiplər olur. Kimlərsə plaqiat olduğunu iddia edəcək, bəziləri əvvəlki loqotipə sadiq qalıb yeni variantı bəyənməyəcək, ya da loqotipi texniki olaraq bəsit görüb xərclənən pulların havaya sovrulduğunu iddia edəcəklər. Tipoqrafik loqotiplər bu baxımdan özlərini sığortalayırlar. Mətnin təşkil etdiyi qrafik forma artıq unikaldır, fərqlənir, oxşarını axtarmaq yersizdir. Əvvəlki loqotipin ulduzu simvol olaraq getsə də, korporativ üslub yenə ulduz üzərində qurulub. Ümumi korporativ üslubda ulduzdan dinamik şəkildə istifadə edilib ki, nəticədə müasir, hərəkətli kimlik ortaya çıxıb. Qısa desək, əvvəlki ulduz konsepti daha da inkişaf etdirilib, müasirləşib.

Yazılarımda loqotiplərin tipoqrafik hissələrini hazırlayarkən lazım olan şrifti seçib, mətni yazıb, kerninq (simvollararsı boşluqların tənzimlənməsi) etməklə işi bitirməməyi tövsiyə edirəm. Mətn hissəyə konseptə uyğun toxunuşlar etmək loqotipin unikallığını gücləndirir. Yeni loqotipdə b, k, l hərflərinin sonluqlarını paralel deyil müəyyən bucaq altında tərtib etməklə ümumi korporativ üslubu (perspektivdə verilən düzbucaqlılar) burada da qorumuş olublar ki, bu da ilk diqqətimi çəkən detallardan oldu. k hərfinin mərkəzinin yerə paralel kəsilməklə aşağı neqativ boşluqda perspektivdə əyilmiş düzbucaqlı formalaşdırması da maraqlıdır. Əgər bu dizaynerlərin bilərək etdiyi toxunuşdursa, onları alqışlamamaq mümkün deyil.

Korporativ üslubdakı “Ulduz sistemi”.

Artıq qeyd etdiyim kimi əvvəlki loqotipin ulduzu ilk baxışdan yoxa çıxıb. Amma korporativ üslubun bütünlükdə dinamik ulduz konstruksiyası əsasında qurulduğunu gördükdə qərarın doğru olduğunu anlayırıq. Bu qədər dinamikanın fonunda tipoqrafik loqotip ümumi görüntünü bir az “sakitləşdirir”, tərtibatda balans yaradır.

Korporativ üslubda ulduzu formalaşdıran qrafik formaların 3d, qradientli, konturlu və sadə rəngli təklif olunması görüntü müxtəlifliyini artıracaq. Amma düşünürəm ki, bir müddət sonra Bakcell-çilər görüntü kirliliyindən qaçmaq üçün sadə birrəngli formalara üstünlük verəcəklər.

Təqdimatda bəzən bu düzbucaqlı shape-lərdən təsvirlər üçün konteyner kimi istifadə edildiyini də gördüm. Vizual hazırlayarkən bu perspektivə uyğun fotolar tapmaq bir o qədər də asan olmayacaq. Tapılsa belə, kiçik ölçülü dinamik formalı konteyner daxilində fotonun detalları görünməyəcək, təsvirin gücü azalacaqdır.

Rəng.

“Bakcell qırmızısı” çox cüzi toxunuş edilməklə qorunub saxlanılıb. Əvvəlki C0 M100 Y80 K0 qırmızı rəng tərkibi C0 M95 Y75 K0 ilə əvəzlənib. Bu da gözlə hiss ediləcək fərqlilik yaratmayacaq. Rəng palitrasında qırmızının çox açıq çalarlarından da istifadə olunub ki, bunların aktiv istifadəsini bir o qədər də tövsiyə etmədim. Xüsusən çap materiallarında iş solğun, sanki keyfiyyətsiz istehsal olunubmuş kimi görünəcək. Eyni fikri qradientlər üçün də deyə bilərəm. Əsas rəngin tündləşdirilmiş varianta qradientli keçidləri daha yaxşı görünür. Bakcell qırmızısının çox açıq, ağa yaxın qırmızıya keçidi isə işi solğun göstərəcək.

Tipoqrafika.

Korporativ üslubda Loos fontunun wide (geniş) və normal versiyalarından istifadə edilib. Birincisi display font olduğu üçün başlıqlar digəri isə kütləvi mətndə istifadə üçün nəzərdə tutulub. Burada Bakcell-in və onun reklam agentliklərinin dizaynerlərindən ciddi tipoqrafik bacarıqlar tələb olunacaq. Başlıqlarda problemlər olacağını düşünmürəm. Amma kütləvi mətn üçün şrift müəyyən baş ağrıları yarada bilər. Niyəsini izah edim.

Bu şrift qapalı qrotesklərə aiddir. Yəni a, e, c hərflərinə nəzər salsaq, görərik ki, hərflərin sonluqları əyilib az qala gövdəsinə toxunur. Arada qalan boşluq az olduğu üçün kiçik ölçülərdə mətnin oxunaqlığı azala bilər. Eyni zamanda belə şriftlərlə tərtib edilmiş kütləvi mətnin bir az qalın, çirkli təəssürat yaratması da mümkündür. Bunları kompensasiya etmək üçün sətirlərarası boşluqları az verməmək lazımdır. Tərəfdarı olmasam da, bəlkə hətta simvollararası boşluqlara da müraciət etmək lazım gələcək.

Karyeramın təxminən 3-4 ili Bakcell brendi ilə bağlıdır. McCann reklam agentliyində art direktor kimi bu brendin reklam vizuallarının hazırlanmasında birbaşa iştirak etmişəm. Elə dönəmlər olurdu ki, qırmızı rəngi və Priva Pro fontunu görmək istəmirdim

© copyright 2022 | tech.az | info@tech.az