Az | EN

Türk startapı Donnerstag.ai, 4,3 milyon avro investisiya alıb

Cəmil Hüseynzadə
20 Noyabr 2025 19:28
34 baxış
Türk startapı Donnerstag.ai, 4,3 milyon avro investisiya alıb

Barbaros Özbuğutu və Volkan Özkan tərəfindən qurulan Donnerstag.ai, Avropanın aparıcı fondlarından olan Speedinvest-in rəhbərlik etdiyi toxum investisiya turunda 4,3 milyon avro yatırım cəlb edib. İnvestisiya turunda QED Investors, Crestone VC və bir sıra avropalı mələk investorlar da iştirak edib.

Startap tədarükçülər üçün xüsusi hazırlanmış, süni intellektlə gücləndirilmiş alacaq idarəetmə platforması təqdim edir. Platformanın əsas məqsədi şirkətlərin ödəniş gecikmələrindən və uyğunsuzluqlardan yaranan itkilərin qarşısını almaq, həmçinin alacaqların vəziyyəti ilə bağlı tam şəffaflıq təmin etməkdir.

Donnerstag.ai müxtəlif ERP sistemlərindən, xidmət qeydlərindən və bank məlumatlarından daxil olan informasiyaları bir araya gətirərək real vaxtda uyğunsuzluqları aşkarlayır və minlərlə əməliyyatı avtomatik şəkildə uyğunlaşdırır. Ağıllı alqoritm tutarsızlıqları müəyyən edir, çatışmayan məlumatları proqnozlaşdırır və potensial gəlir itkisi baş verməzdən əvvəl maliyyə komandasını xəbərdar edir. Müştəri məlumatlarından davamlı öyrənən sistem zaman keçdikcə daha da dəqiqləşərək müəssisələr üçün proaktiv maliyyə nəzarəti qatına çevrilir.

Şirkətin həmtəsisçisi və CEO-su Barbaros Özbuğutu bildirir:
“İllik milyardlarla avro tədarükçülərin nə təhvil verildiyi, nə faturalaşdırıldığı və nə ödənildiyi ilə bağlı məlumat çatışmazlığı ucbatından itirilir. Almaniyada yaratdığımız süni intellekt platforması ilə bu kritik sahəyə tam şəffaflıq gətirməyi hədəfləyirik.”

2025-ci ildə fəaliyyətə başlayan startap, əldə edilən investisiya ilə Avropa üzrə genişlənmə planlarını sürətləndirməyi nəzərdə tutur.

Speedinvest-in baş ortağı Stefan Klestil startapla bağlı fikirlərini belə bölüşüb:
“AI-nin ERP və maliyyə sistemlərini yenidən formalaşdırdığı bir dövrdə Donnerstag.ai bazarda indiyədək mövcud olmayan tamamilə yeni bir kateqoriya yaradır. Barbaros və Volkan məhsul kompetensiyası, strateji baxış və əməliyyat bacarığını mükəmməl şəkildə birləşdirirlər. Bu tura liderlik etməkdən məmnunuq və Avropa fintech sektorunun gələcəyini birlikdə formalaşdıracağımıza inanırıq.”

 

© copyright 2022 | tech.az | info@tech.az