WhatsApp mesajların planlaşdırılması funksiyası üzərində işləyir. Bu barədə WABetaInfo məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, funksiya tətbiqin iOS üçün nəzərdə tutulmuş son beta versiyasında aşkar edilib. Yenilik istifadəyə verildikdən sonra istifadəçilər çatlarda mesajların göndərilməsini konkret tarix və saata planlaşdıra biləcəklər.
Məlumata əsasən, planlaşdırılmış mesajlar ayrıca bölmədə saxlanılacaq və göndərilməzdən əvvəl istənilən vaxt silinə biləcək. Bu halda qarşı tərəfə heç bir bildiriş göndərilməyəcək.
Qeyd olunur ki, funksiya həm fərdi, həm də qrup çatlarında işləyəcək. Hazırda yenilik üzərində iş davam edir və ilk mərhələdə beta-testçilər üçün əlçatan olacaq. Funksiyanın ümumi istifadəçilər üçün nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.
Xatırladaq ki, 2025-ci ilin fevralında oxşar funksiya Instagram platformasında istifadəyə verilib. Telegram tətbiqində bu imkan 2019-cu ildən, iMessage-də isə 2024-cü ildən mövcuddur.
