Az | EN

xAI-nın yeni direktoru Morgan Stanley-nin rəhbəri oldu

Nigar Sultanli
08 Oktyabr 2025 11:03
77 baxış
xAI-nın yeni direktoru Morgan Stanley-nin rəhbəri oldu

xAI, maliyyə idarəçiliyi üçün güclü transferə imza atıb. Uzun illər Morgan Stanley investisiya bankında yüksək rəhbər vəzifələrdə çalışmış Anthony Armstrong, xAI-ın yeni Baş Maliyyə Direktoru (CFO) təyin edilib. Financial Times-ın məlumatına görə, Armstrong bir neçə həftədir ki, xAI ilə əməkdaşlıq edirdi və yaxın zamanda rəsmi olaraq bu vəzifəyə gətirilib.

Armstrong-un vəzifəsi təkcə xAI ilə məhdudlaşmır. O, həm də X-in maliyyə əməliyyatlarına nəzarət edəcək. Bu, onun Mask ilə ilk iş birliyi deyil; Armstrong, vaxtilə X-in alınması prosesində də ona məsləhətlər vermişdi.

Onun X-dəki əsas hədəfi, Mask-ın məzmun moderasiyasını yumşaltmasından sonra platformadan çəkilən reklamverənlər səbəbilə zərər görən maliyyə vəziyyətini yenidən sabitləşdirmək olacaq.

Anthony Armstrong, Mike Liberatore-ni əvəz edir. XAI-ın əvvəlki CFO-su Liberatore, şirkətdaxili strukturlaşma və aqressiv maliyyə hədəfləri ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən vəzifəsindən ayrılmışdı.

Bu təyinat, Mask-ın şirkətlərində bir müddətdir davam edən geniş idarəetmə dəyişiklikləri seriyasının bir hissəsidir. Xatırladaq ki, 2025-ci ilin yay aylarında xAI-da həm CFO Liberatore, həm də baş hüquq məsləhətçisi Robert Keele, X-də isə maliyyə işləri üzrə rəhbər Mahmoud Reza Banki kimi kadrlar şirkətdən ayrılmışdı.

İlon Mask xAI-ı 2023-cü ildə, Sİ nəhənglərini "həddindən artıq senzuraya" yol verməkdə və təhlükəsizlik standartlarında qüsurlara görə tənqid edərək, bu sahədə lider olmaq məqsədilə qurmuşdu.

Hazırda Sİ şirkəti xAI-ın investorlarla yeni bir sərmayə turu barədə danışıqlar apardığı iddia edilir. Məlumatlara görə, bu tur şirkətin dəyərləməsini təxminən 200 milyard dollar səviyyəsinə çatdıra bilər. Armstrong-un təcrübəsi, xAI-ın bu böyük maliyyə hədəflərini reallaşdırması üçün kritik əhəmiyyət daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az