Az | EN

Yerli oyun studiyaları beynəlxalq inkubasiya proqramında mükafat qazanıb

Nigar Sultanli
11 Avqust 2025 14:49
75 baxış
Yerli oyun studiyaları beynəlxalq inkubasiya proqramında mükafat qazanıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə yerli oyun studiyaları üçün keçirilən ilk beynəlxalq inkubasiya proqramı (Xsolla–IDDA Incubation Program)  yekunlaşıb. Proqramda iştirak edən komandalar 7 avqust “Demo Day” günündə layihələrini münsiflər heyəti, eləcə də investorlar önündə təqdim ediblər. 8 avqust tarixində baş tutan proqramın yekun rəsmi tədbirində ümumi dəyəri 225 min manat olan müsabiqənin qalibləri elan edilib.

Yekun tədbirdə çıxışı zamanı İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli inkubasiya proqramının yerli oyun sənayesinin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini vurğuylayıb: “Biz İRİA olaraq yerli oyun ekosisteminin potensialını görürük və onun inkişafına xüsusi diqqət ayırırıq. Bu inkubasiya proqramı vasitəsilə ölkəmizin oyun studiyaları xarici bazarlara çıxış üçün mühüm bilik və bacarıqlara yiyələniblər, beynəlxalq ekspertlərin qabaqcıl təcrübəsini öyrəniblər ”.

“Xsolla” şirkətinin regional icraçı direktoru Fuad Kərimov İRİA ilə bu şirkət arasında əməkdaşlığın önəminə toxunub və xüsusilə qeyd edib ki, bu inkubasiya proqramı yerli istedadlar üçün əvəzsiz töhfədir və onların gələcək inkişafı baxımından yeni perspektivlər yaradır.

İnkubasiya proqramında iştirak edən oyun studiyalarının layihələri yerli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətində “Xsolla” şirkətinin baş video oyun analitiki Ernest Çanq, “Landfall Games” şirkətinin baş biznes meneceri Rebekka Lautner, “Fireshine Games” şirkətində biznes portfeli üzrə baş menecer Casper Tanner-Barns, “Xsolla” şirkətinin Cənubi Avropa, Yaxın Şərq və Afrika üzrə biznesin inkişafı vitse-prezidenti İlayda Bayarı, “Gamepons”un təsisçisi və baş direktoru Vüsal Kərimli və “Darts Games” studiyasının təsisçisi Novruz Cavadov yer alıb.

Yekun tədbirin davamında “Xsolla–IDDA Incubation Program”ın üç qalibini elan edilib. Belə ki, birinci yerə “Cool Bears Game Studio” (100 000 AZN), ikinci yerə “Exterra” (75 000 AZN) və üçüncü yerə (50 000 AZN) “Dynamic Box" komandaları layiq görülüb.

Qeyd edək ki, İRİA ötən il Azərbaycanda oyun ekosisteminin inkişafını gücləndirmək məqsədilə dünya səviyyəsində tanınan oyun kommersiya şirkəti “Xsolla” ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində cari ilin 12 mayından etibarən hibrid formatda ilk beynəlxalq inkubasiya proqramı - “Xsolla–IDDA Incubation Program” keçirilib. Proqramın başlıca məqsədi qabaqcıl beynəlxalq təcrübə və mentor dəstəyini ölkəmizə gətirməklə yüksək potensialı olan yerli oyun studiyalarının inkişafına təkan verməkdir.

© copyright 2022 | tech.az | info@tech.az