Hər il olduğu kimi, 2024-cü ilin sonuna yaxınlaşdıqca, gələcək ilin gözləntilərini dəyərləndirmək və yeni çağırışlara hazırlaşmaq üçün mükəmməl bir fürsətdir deyib, bu il də növbəti ilin mümkün texnoloji tendensiyaları ilə bağlı proqnozlarımı paylaşmağa qərar verdim.
Dünya 2025-ci ilə doğru irəliləyərkən, ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi Tramp dövrünün yenidən başlaması iqtisadiyyatın yenidən canlanmağa başlayacağı bir dövrün başlanğıcına işarə edir.
Hər il bazar, texnologiya və biznes sahələrindəki proqnozlarımı paylaşmaq mənim üçün xüsusi bir zövq mənbəyidir. Son illərdəki proqnozlarımın əksəriyyətinin dəqiqliyi məni bu mövzuda daha da həvəsli edir. Bu yazıda, müşahidələrimə əsaslanaraq, 2025-ci ilin əsas tendensiyalarını paylaşmaq istəyirəm.
1. Süni İntellektin genişlənməsi
Süni intellekt (Sİ) həyatımızı dəyişdirməyə davam edən ən əhəmiyyətli texnologiyalardan biri olmaqda davam edir.İnternetin həyatımıza gətirdiyi dəyişiklikləri nəzərə alsaq, süni intellektin təsiri daha sürətli və daha geniş olacaq. GPT modelləri, xüsusilə də ChatGPT, müasir texnologiyada dil əsaslı tətbiqlər üçün güclü vasitələrdən biri kimi çıxış edir. Bu texnologiyalar təkcə mövcud problemləri həll etməkdə deyil, həm də gələcəkdə dil əsaslı sistemlərin inkişafında əsas rol oynayır. GPT modellərinin sürətlə inkişafı bu sahədə daha geniş tətbiq imkanları və yeni innovasiyaların yaranmasını təmin edir.
2025-ci ildə Süni İntellektin (Sİ) iş, həyat, təhsil və əyləncə sahələrində inqilabi dəyişikliklər gətirəcəyi gözlənilir. Bu texnologiyanın sürəti və təsiri artaraq, yeniliklərin tətbiqi əvvəlki dövrlərlə müqayisədə 5 dəfə daha sürətli və 3 dəfə daha effektiv olacaq. Sİ texnologiyaları ilə avtomatlaşdırılmış proseslər iş yerlərində məhsuldarlığı artıracaq. Analitik alətlər daha dəqiq və sürətli qərarlar qəbul etməyə imkan verəcək, rəqəmsal köməkçilər isə iş yüklərini yüngülləşdirəcək. Təhsil sahəsində Sİ daha təsirli və fərdiləşdirilmiş öyrənmə imkanları yaradacaq. Virtual təlim platformaları və ağıllı dərs planları vasitəsilə tələbələr öz bilik səviyyələrinə uyğun tədris resurslarına daha asan çıxış əldə edəcəklər. Qısacası Süni intellekt dövrünü əldən qaçırmamalıyıq.
Texnologiyanın Sənaye və Biznesə təsiri: 2025-ci il yaxınlaşdıqca, süni intellektin müxtəlif sənaye sahələrində real və ölçülə bilən nəticələr təqdim etməsi gözlənilir. Hazırda süni intellektə investisiya qoyan və bu texnologiyanı tətbiq etməyə başlayan şirkətlər bazarda üstünlük qazanmağa başlayır. Lakin bu, hər kəs üçün asan deyil. Bir çox şirkət hələ də süni intellektin tətbiqində geri qalır, həm investisiya səviyyəsi, həm də tətbiq sürəti baxımından.
Bəzi sahələr, məsələn, müştəri xidməti sektoru, süni intellektə keçidi daha asan və sürətli həyata keçiriblər. Bu sahələrdə Sİ alətləri artıq geniş tətbiq olunur və müştəri xidmətlərini daha sürətli və effektiv hala gətirir. Amma daha mürəkkəb sahələrdə süni intellektin tətbiqi hələ də çoxsaylı maneələrlə üzləşir. Lakin, JPMorgan Chase kimi qabaqcıl şirkətlər öz işçilərinə GenAI köməkçiləri təqdim etməyə başlayıb və bu, onların strateji tətbiqi sahəsində böyük bir uğur qazanmasına səbəb olub. Bu cür innovasiyalar, şirkətlərə rəqabət üstünlüyü gətirir və bu şirkətlər gələcəkdə bazarda daha da güclü mövqelər tutacaq.
Bununla yanaşı, süni intellektin inkişafı o qədər sürətlə gedir ki, müəyyən bir sahəyə çox fokuslanmaq, uzun müddətdə doğru yanaşma olmaya bilər. LLM-lər (böyük dil modelləri), GenAI sistemləri, kiçik dil modelləri və Sİ agentlər kimi müxtəlif texnologiyalar arasında balanslı yanaşma vacibdir. Bu ilin ən aktual süni intellekt mövzusu, gələn il artıq ikinci plana düşə bilər. Buna görə də, bu texnologiyaların təkcə bu onillikdə deyil, həm də bütün XXI əsrdə mühüm rolu olacaq.
Son olaraq, süni intellektin təsiri artıq sahə mütəxəssisləri tərəfindən qəbul olunur və bu sahə daha da inkişaf edəcək. Lakin, texnologiyaların tətbiqində nə qədər sürətli və balanslı bir yanaşma izlənilsə, o qədər də uzunmüddətli fayda əldə etmək mümkün olacaq. Süni intellektin gələcəyi yalnız bu onilliklə məhdudlaşmayacaq, əksinə, əsr boyu müxtəlif sənaye sahələrində yeni imkanlar yaradacaq.
Azərbaycanda Böyük Yatırımlar və Yeni Layihələr: Bu sahədəki ən son böyük layihələrdən biri, Socar-ın “Ağıllı Qaz Şəbəkəsi”nin İdarəetmə Sisteminin tətbiqi layihəsidir. Bu layihə, süni intellektin enerji sektorunda tətbiqinə dair böyük bir addım olmaqla yanaşı, həm də ölkəmizin bu sahədəki potensialını ortaya qoyur. Layihənin ümumi dəyəri 480 milyon ABŞ dolları olaraq qiymətləndirilir və bu, Azərbaycanda süni intellektin böyük miqyasda tətbiqinə olan marağın və investisiyanın artdığını göstərir. Bu cür investisiyalar və layihələr, ölkəmizin rəqabət qabiliyyətini artırmağa və qlobal səviyyədə texnoloji tərəqqiyə uyğunlaşmasını təmin edəcək.
Özümündə çalışıdığım İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “mygov” platformasında süni intellekt texnologiyalarının tətbiqi planlaşdırırıq. Belə ki, ilkin olaraq “mygov LLM” hazırlamaqla vətəndaşımızın müraciətlərini (suallarını) süni intellekt vasitəsilə istər yazılı (text formasında) və ya səsli şəkildə (speech) hökumətə çatdıra biləcək. Mygov LLM eyni zamanda, dövlət idarəetməsində rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovativ həllərin tətbiqinə töhfə verəcək.
Səhm Bazarına təsiri: Süni intellekt (Sİ) texnologiyaları, iqtisadiyyatın və səhmlər bazarının inkişafında mühüm rol oynamağa hazırdır. Sİ texnologiyalarına sərmayə qoyan ölkələr yaxın gələcəkdə iqtisadi göstəricilərdə ciddi artımlar əldə edəcəklər. Eyni zamanda, bu ölkələrin müdafiə potensialında da nəzərəçarpan irəliləyişlər gözlənilir. Lakin bu inkişaf yalnız müsbət tərəflərlə məhdudlaşmır, həm də müəyyən risklər və problemlərlə müşayiət olunur. Bununla yanaşı, bazarın mənfi tərəfləri də nəzərə alınmalıdır. Sİ texnologiyalarının geniş tətbiqi ilə bazarda sıx rəqabət yaranır. Bu rəqabət şəraitində kiçik startaplar və hətta bəzi böyük şirkətlər bazardan çıxmaq məcburiyyətində qala bilər. Uğur qazanan şirkətlər isə bazarda daha güclü mövqe əldə edərək dominantlıq edəcəklər.
2. Data
Məlumat müasir biznes dünyasında ən dəyərli resurslardan birinə çevrilib və bu, şirkətlərin gələcəyini müəyyənləşdirən əsas amil kimi çıxış edir. Şirkətlər öz fəaliyyətlərini rəqəmsaldan süni intellektə və daha sonra məlumat əsaslı iş modelinə keçirdikcə, onların məlumat bazası əsas fəaliyyət sahəsindən daha dəyərli hala gəlir.
Məlumatın Rəqabətdə Üstünlük Yaratması : Məlumat şirkətlərə rəqabətdə üstünlük qazanmağa və bazardakı mövqelərini möhkəmləndirməyə kömək edir. Xüsusilə, müştəri və ya əməkdaşlarla bağlı məlumatlar şirkətlərin bazarda fərqlənməsinə səbəb olan əsas faktorlardan biri ola bilər. Bu məlumatlar, doğru strategiyalarla tətbiq edildikdə, şirkətin təkliflərini fərdiləşdirmək və rəqibləri geridə qoymaq üçün güclü alət rolunu oynayır.
Məlumatın Müdafiə Xətti Rolunu Oynamağı: Məlumat şirkətlərin rəqabətdən qorunması üçün təbii bir müdafiə xətti funksiyasını daşıyır. Şirkətlər məlumatlarını düzgün idarə etdikdə, bu, rəqiblərin onların iş modelini təkrarlamasını çətinləşdirir. Bununla yanaşı, məlumatların effektiv şəkildə istifadəsi bazar lideri mövqeyini möhkəmləndirməyə kömək edir.
Məlumatın Sahibliyi və Rəqiblərdən Qorunma: Lakin məlumatdan faydalanmaq və onu qorumaq asan deyil. Şirkətlər məlumat sahibliyini təmin etmək üçün proaktiv olmalıdır. Əks halda, rəqiblər bu məlumatlardan istifadə edərək öz təkliflərini inkişaf etdirə və bazar liderliyini ələ keçirə bilərlər. Bu risk, xüsusilə, məlumatların qanuni və etik çərçivədə idarə edilmədiyi hallarda artır.
Gələcəkdə Məlumatın Əhəmiyyəti
Gələcəkdə məlumat bazaları şirkətlərin əsas dəyər göstəricisinə çevriləcək. Daha çox məlumat toplamaq və bu məlumatlardan ağıllı şəkildə istifadə etmək, şirkətlərin uzunmüddətli uğurunu təmin edəcək. Lakin məlumatların qorunması və etik idarəçiliyi həm istifadəçilərin etimadını, həm də hüquqi təhlükəsizliyi təmin etmək üçün əsas olacaq.
Məlumat artıq yalnız bir resurs deyil; o, şirkətlərin gələcəyini formalaşdıran əsas faktordur. Şirkətlər rəqabətdə üstünlük qazanmaq və bazar lideri olmaq istəyirlərsə, məlumat idarəçiliyinə ciddi yanaşmalı, bu məlumatları qorumaq üçün strategiyalar hazırlamalı və etik qaydalara əməl etməlidirlər. Rəqəmsaldan süni intellektə və daha sonra məlumat əsaslı iş modelinə keçid edənlər gələcəyin qalibləri olacaq.
3.Kibertəhlükəsizlikdə Artan Təhlükələr
Kibertəhlükəsizlik məsələləri daha ciddi risklər doğuracaq. Şirkətlərin təhlükəsizlik xərclərini artırması zəruri olacaq, çünki Sİ kibertəhlükəsizlik sahəsindəki çətinlikləri daha da mürəkkəbləşdirir. Bundan əlavə olaraq, Kvant kompüterlərinin inkişafı ilə mövcud kriptoqrafik sistemlərin sındırılması riski artır. Bu, məlumatların məxfiliyini və bütövlüyünü təhlükə altına qoya bilər.
Bu proqnozlar göstərir ki, 2025-ci ildə kibertəhlükəsizlik sahəsində yeni və daha mürəkkəb təhdidlər meydana çıxacaq. Buna görə də, həm fərdi istifadəçilər, həm də təşkilatlar kibertəhlükəsizlik tədbirlərini gücləndirməli və mütəmadi olaraq yenilənən təhlükəsizlik strategiyaları tətbiq etməlidirlər.
4.Bulud texnologiyası
Rəqəmsal İş Yüklərinin Əksəriyyətinin Buluda Keçidi: Gartner-in proqnozlarına görə, 2025-ci ilin sonuna qədər yeni rəqəmsal iş yüklərinin 95%-dən çoxu bulud platformalarında yerləşdiriləcək ki, bu da 2021-ci ildəki 30%-dən əhəmiyyətli dərəcədə artım deməkdir. Lakin, Generativ süni intellektin bulud xərclərinə təsiri böyüdükcə müəssisələrin hybrid infrastrukturuna daha çox sərmayə qoyacağı gözlənilir. Müəssisələr bulud əsaslı arxitekturalara üstünlük verərək, məlumatların saxlanması və işlənməsində daha çevik və miqyaslana bilən həllərə yönələcək. Düşünürəm ki, Sİ texnologiyanın bütün nöqtələrində inkişafı, əməliyytaların daha sürətli və daha ucuz başa gəlməsi Edge həllərini inkişaf etdirəcək. Bu yanaşma, artan məlumat həcmlərini effektiv idarə etməyə imkan verəcək.
Ənənəvi Şirkətlərin Süni İntellektlə Liderlik Yarışı
Texnologiya nəhəngləri — Microsoft, Google, Meta, Amazon və Apple — süni intellekt (Sİ) sahəsində lider olmaq üçün böyük sərmayələr yatırır. Bu şirkətlər gələcəkdə güclü mövqelərini qorumaq və bazara uyğunlaşmaq üçün öz iş modellərini yeniləyir.
Süni İntellektə Böyük Sərmayələr
- Microsoft: OpenAI ilə əməkdaşlıq edərək Sİ layihələrinə 10 milyard dollar sərmayə qoyub. Bu, ChatGPT kimi məhsulların inkişafını dəstəkləyir.
- Google: Sİ tədqiqatlarına və inkişafına 20 milyard dollar ayırıb. DeepMind və generativ Sİ modellərinə fokuslanır.
- Meta: Metaverse və Sİ platformaları üçün 14 milyard dollar sərmayə yatırıb.
- Amazon: AWS-də Sİ xidmətləri və Alexa platformasını təkmilləşdirmək üçün 4 milyard dollar sərf edib.
- Apple: Siri və cihazlarında Sİ funksiyalarını artırmaq üçün 2.5 milyard dollar ayırıb.
2025-ci il sürətli dəyişikliklər və yeni çağırışlarla dolu il olacaq. Süni intellektin təsiri bu il daha geniş sahələrdə hiss olunacaq. Şirkətlər və liderlər üçün əsas sual budur: dəyişən dünyada ayaqda qalmaq üçün nə qədər sürətli və çevik hərəkət edə biləcəklər?
Vurğun Hacıyev