Avqust ayında MIT-in Project NANDA təşəbbüsü yeni bir hesabat dərc edib və burada göstərilir ki, GenAI investisiyalarının 95%-i hələlik heç bir geri dönüş verməyib. İnteqrasiya olunmuş süni intellekt pilotlarının yalnız 5%-i milyonlarla dəyər yaratmağa nail olub, əksəriyyəti isə ölçülə bilən təsir göstərmədən “ilişib qalıb”. Təcrübələrə on milyardlarla vəsait yatırıldığı halda, liderlərin belə bir sual verməsi tamamilə haqlıdır: “Bütün bu səylər tamamilə boşa gedibmi?”
Ölkəmizdə keçirilən ən böyük innovasiya tədbirlərindən birinə inmerge2025 gedərkən içimdə qəribə bir hiss vardı. Öz-özümə düşünürdüm: Nə baş verəcək? Kimdən nə öyrənəcəyik? Bu eşitdiklərimizi tətbiq edə biləcəyimiz bir platforma varmı? Zala daxil olanda isə həmin hisslər daha da gücləndi. Havanın özü fərqli idi – sanki yaradıcılıq və gələcəyin enerjisi ilə dolu idi. İnsanlar tələsik addımlarla ora-bura gedir, kimisi köhnə dostunu qucaqlayır, kimisi isə yeni tanışlıq körpüsü qururdu. Mənim üçün burası sadəcə tədbir deyildi. İllərdir tanıdığım insanları burda yenidən görmək, onların necə dəyişdiyini, nələrə nail olduqlarını izləmək möhtəşəm hiss idi. Onların arasında elələri də vardı ki, illərdir yalnız uzaqdan izləyirdim, görüşməyi arzulayırdım – indi isə qarşımdaydılar. Hər kəsin öz agendasında nələr baş verdiyini görmək, kimin hansı yolla gəldiyini eşitmək sanki gələcəyin xəritəsini açırdı. Kimisi uğurlu startapından danışır, kimisi beynəlxalq əməkdaşlıq ideyaları ilə bölüşür, bəziləri isə gələcək nəsillərə ilham verəcək texnologiyalardan bəhs edirdi.Bura, ölkəmizin innovasiyasına dəyər qatdığı səhnədir. Mən də bu səhnənin içindəyəm.
Amma ağlımın bir küncündə başqa bir fikir dolaşırdı – MIT-in Project NANDA hesabatı. O hesabatı görəndə şok olmuşdum. İlk reaksiyam: “Bu, mümkün deyil.” Sonra düşündüm: MIT-də çox ağıllı insanlar çalışır, deməli, mən yanılıram.
Həqiqət isə problem süni intellektin özündə deyil, şirkətlərin ondan istifadə üsulundadır. Əslində, bu, biznesdə hər bir problem üçün eyni prinsipdir: nəticə əldə olunmursa, deməli, strategiyanı dəyişmək lazımdır.
Zack Kass bizə nə dedi?
Harada idik və hara gəldik. Bir vaxtlar ‘haradayıq?’ sualının cavabı sadə idi. Amma 2017-ci ildə Google-un səkkiz tədqiqatçısı göstərdi ki, düzxətli modellər dövrü bitib, beyin neyronlarına bənzər paralel modellərə keçmək lazımdır. Bunun nəticəsində daha yaxşı mətn modelləri (GPT-2, GPT-3), şəkil modelləri (DALL-E, MidJourney), video modelləri (Sora) ortaya çıxdı. 2024-cü ildə isə GPT-4 riyaziyyat üzrə Olimpiada testində insan intellektinə bərabər nəticələr göstərdi. İndi isə sadə həqiqət budur biz insan intellektinə bərabər, bəzən isə ondan üstün maşınlar qururuq.
Süni İntellektin ucuzlaşması ən böyük sıçrayışdır
Texnologiyanın gücündən daha vacibi – onun ucuzlaşmasıdır. Tarix boyu hər dəfə kritik resurslar əlçatan olubsa – su, qida, elektrik, internet – insanlıq böyük sıçrayışlar edib. İndi isə eyni proses Süni İntellektdə baş verir. Cəmi 5 il ərzində GPT-4-ün qiyməti milyon token üçün 60 dollardan ucuzlaşaraq 1 dollardan da aşağı düşdü. Bu, təkcə texnologiyanın inkişafı deyil, həm də onun demokratikləşməsidir. Artıq Sİ yalnız iri korporasiyaların əlində olan lüks texnologiya deyil. İnterneti olan hər bir insan bu gücə çıxış əldə edə bilir. Bu isə o deməkdir ki, təhsil, biznes, elm və yaradıcılıq üçün yeni imkanlar hər kəsin qapısını döyür.Ən böyük sıçrayış isə məhz buradadır Sİ gücü bahalı laboratoriyalardan çıxıb cəmiyyətin əlinə keçir. İndi əsas məsələ bu gücdən necə istifadə edəcəyimizdədir.
İnteqrasiya mərhələləri
Təkmilləşdirilmiş tətbiqlər – ChatGPT 2022-ci ilin noyabrında istifadəyə verildi. Əvvəlcə texniki rəhbərlərə ilham vermək üçün nəzərdə tutulmuşdu, amma dünyanın ən populyar məhsuluna çevrildi.
Avtonom agentlər – yaxın gələcəkdə maşınlar bizim adımızdan işləri görəcək: brauzerdə, məlumat bazalarında, gündəlik həyatda.
Təbii dil əməliyyat sistemi – Sam Altman və Conny Aiv ekranı olmayan cihaz üzərində işləyirlər. Maşınları biz öyrənməyəcəyik, əksinə, onlar bizi anlayacaq. Bu isə rəqəmsal uçurumu azaldacaq.
Məhdudiyyətsiz Zəka (Unmetered Intelligence)
2021-ci ildə OpenAI-də bu anlayışı irəli sürdük. O vaxt GPT-3 həm bahalı, həm də yavaş idi. Amma sual verdik: Əgər maşınlar daha yaxşı və daha ucuz olsa, nə baş verəcək. Məhdudiyyətsiz zəka universal dahilik deyil. O, hər kəsin zəngin intellektual resurslara çıxış əldə etməsi deməkdir. Onun həyatımıza təsiri isə motivasiya və seçimlərimizdən asılı olacaq.”
Risklər və Narahatlıqlar
- Idiokratiya riski – İnsanlar tənqidi düşünməni lazımsız hesab edə bilər.
- K-əyrisi və Gen Z paradoksu – Gənclər çoxsahəli nailiyyətlər qazanır, amma tənhalıq və depressiya rekord həddədir.
- Pis niyyətli aktorlar – Sİ ucuzlaşdıqca cinayətkarların gücü artır. Siyasətçilər tənzimləmə ilə cavab verməlidir.
- İşsizlik və “zombi apokalipsisi fenomeni” – Hər kəs başqasının işini Sİ əlindən alacaq deyə düşünür, amma özünü yox. ABŞ liman işçilərinin əsas tələbi artıq maaş deyildi, sadəcə “işimizin avtomatlaşdırılmaması” idi.
Biz indi həm möhtəşəm imkanların, həm də ciddi risklərin astanasındayıq. Sİ texnologiyası dahiyanədir, ucuzlaşır və həyatımıza sürətlə inteqrasiya olunur.Amma əsas sual budur: biz onu necə istifadə edəcəyik? Daha yaxşı gələcək yaratmaq üçün cavab texnologiyada deyil – bizim motivasiyamızda, seçimlərimizdə və insanlığın fiziki dünyaya yenidən sərmayə qoymasındadır.