Az | EN

Caucasus Ventures 3 startapa yatırım edib

Cəmil Hüseynzadə
05 İyun 2023 02:22
3256 baxış
Caucasus Ventures 3 startapa yatırım edib

Azərbaycanın ilk vençur kapital fondu “Caucasus Ventures” ötən ilin sonunda quruldu. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yenidən qurulması və rəqəmsal inkişaf yolunda müxtəlif layihələri dəstəkləməsi fonunda bu fondun qurulması qaçınılmaz idi. Startap ekosisteminin əsas qurucularından və oyunçularından olan Məmməd Kərimin qurduğu fond ölkəmiz üçün olduqca uğurlu bir işdir. Caucasus Ventures-in kapitalını 11.3 milyon manat təşkil edir. Fonda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “PAŞA Holdinq” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar isə 1.3 milyon manat yatırım ediblər. Fondun əsas məqsədi həm Azərbaycanda, həm də regionda startaplara yatırım etməkdir. 

Fond ictimaiyyətə təqdim edilərkən bildirilmişdi ki, 2023-cü ilin fevral ayından etibarən fond tərəfindən startaplara yatırım ediləcək. Artıq bu yatırımlara start verilib və 3 startap investisiya almağı bacarıb. 

Caucasus Ventures-in əsas diqqət mərkəzi Qafqaz, Türkiyə, Şərqi Avropa, Mərkəzi Asiyadır. Fond bu regionlarda əsasən Saas, Fintek və digər startaplara yatırım etməyi hədəfləyir. Caucasus Ventures startaplara iki mərhələdə yatırım edir. Birinci mərhələdəki yatırımın həcmi 50 min dollara qədər, ikinci mərhələdə isə 200 min dollara qədərdir. Fond artıq 3 startapa yatırım edib: Turan APP, Tested Web və Magic Port.

Turan APP türk dünyası ölkələri arasında komissiyasız pul köçürülməsi xidmətini təqdim edir. İstanbulda qurulan startap Türkiyədən kənarda fəaliyyətinə ilk dəfə Azərbaycanla başlamışdı. Startapın təsisçisi Özgür Bayraktardır.

TestedWeb saxta rəyləri yoxlamaq və aradan qaldırmaq üçün süni intellektdən istifadə edən 2 qazanclı onlayn rəy platformasıdır. Startapın təsisçisi ABŞ-də yaşayan həmyerlimiz Yaqub Rəhimovdur

Magic Port gəmi sahibləri, menecerləri və gəmidə çalışan şəxslərin etibarlı əməkdaşlıq etmələri üçün müxtəlif alətlər təqdim edir. Startapın əsas fəaliyyət mərkəzi Sinqapurdur. Magic Port-un qurucuları həmyerlilərimiz Əli Qara və Tural Əliyevdir.

İnvestisiya alan startaplardan ikisinin təsisçisi azərbaycanlıdır. Seçilən startaplardan görünür ki, Caucasus Ventures-in saytında qeyd edilən seçim kriteriyalarından əlavə əsas meyarlardan biri də startapların təsisçilərinin Azərbaycanlı olması və ya startapın Azərbaycana fayda verməsidir. Bu olduqca yaxşı kriteriyadır. 

Caucasus Ventures-dən verilən məlumata görə bu günə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan 70-dən çox startap təsisçisi ilə görüşüblər. Bu startaplardan yalnız 3-nə investisiya edə biliblər. Hazırda da görüşlər davam edir. Fondun indiki kapital ilə növbəti 5-7 il müddətində investisiya imkanına sahib olacağı proqnozlaşdırılır. 

Fonda müraciət onlayn qaydada sayt üzərindən edilir. İnvestisiya almaq üçün startaplar caucasus.vc saytından birbaşa müraciət edə bilərlər.

 

Məqalə digər platformalarda paylaşılarkən hyperlink ilə istinad vacibdir.

 

 

© copyright 2022 | tech.az | info@tech.az