Az | EN

MVP nədir?

Bənövşə Kazımova
MVP
19 Yanvar 2023 10:43
2105 baxış
MVP nədir?

MVP (Minimum Viable Product) yeni məhsul və ya tətbiqin hazırlanması mərhələsində çox geniş istifadə olunan bir termindir. İlk dəfə Frank Robinson tərəfindən istifadə edilən bu termin Erik Ries tərəfindən daha da məşhurlaşdırılmışdır.

Burada əsas məqsəd istifadəçi rəyi ilə formalaşan və inkişaf etdirilən məhsul yaratmaqdır. Yəni müştəridən alınan rəyə uyğun olaraq məhsulun/tətbiqin bütün xüsusiyyətlərini deyil, ilk növbədə minimum funksiyaları əlavə edib müştəriyə işlək vəziyyəti verməklə yol xəritəsi müəyyən edilir. Beləliklə, müştərinin tələbi və onun, həqiqətən, yeni funksiyalara ehtiyacı olub-olmaması daha yaxşı başa düşülə bilər. 

Minimal işlək məhsulun hazırlanması vaxt və pulun ən az xərcləndiyi, ideya və ideyaların həyata keçirilməsi prosesinin sınaqdan keçirildiyi prosesdir. Digər məhsullarla müqayisədə MVP prototip məhsuldur və müxtəlif ekosistemlərdə ən vacib startap texnikası hesab olunur.

Təqdim olunacaq məhsulun MVP-si olmasa, çox böyük problemlər ortaya çıxa bilər. Çünki ənənəvi üsulla ideyadan son mərhələyə qədər bağlı qapılar arxasında məhsul hazırlamaq böyük riskdir. Potensial müştərilərə və təcrübəli komandaya sahib ola bilərsiniz, ancaq bu amillər kifayət deyil. Bu şəraitdə qarşınıza bir çox risklər çıxa bilər. 

Onlardan bəzilərini təqdim edirik:

  • Məhsulu satışa çıxarmaq fürsətiniz olmamışdan əvvəl başqası sizdən daha sürətli hərəkət edə və buna nail ola bilər. Ancaq MVP hazırlanması mərhələsində bütün bu faktorlar təhlil olunur.
  • Gözlənilməz bazar şərtləri və ya qanuni tənzimləmələr yolunuzu kəsə bilər. 
  • Məhsulun hazırlanması prosesində bəzi səhvlərə yol verilə bilər və məhsul bu səhvlər üzərində qurulmuş ola bilər. Bu da təbii ki, sizə həm mənəvi, həm də maddi cəhətdən zərər vuracaq.

MVP-nin bir çox üstünlükləri var:

  • İnkişaf xərclərini minimuma endirir.
  • Məhsulu erkən bazara çıxarmağa imkanı verir.
  • Bu, tərtibatçılara səhvlərini görməyə kömək edir.
  • Müştərilərin məhsulu bəyənməsini təmin edir.

 

© copyright 2022 | tech.az | info@tech.az