Bu günlərdə Parisdə keçirilən Süni İntellekt Sammiti dünya siyasətinin və texnologiya sektorunun ən nüfuzlu adlarını bir araya gətirdi. Bir çoxları üçün adi bir tədbir kimi görünsə də, əslində, bu sammit Avropanın gələcək texnologiya yarışındakı mövqeyini müəyyənləşdirəcək əsas platformalardan biri idi.
Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş Naziri Narendra Modi və ABŞ-ın vitse-prezidenti C.D. Vance kimi siyasi liderlər, eləcə də OpenAI-nin CEO-su Sem Altman, Meta-nın baş AI alimi Yann LeCun və Alphabet-in rəhbəri Sundar Piçai kimi texnologiya nəhəngləri tədbirdə iştirak edirdilər. Bu adlar təkcə süni intellektin biznes dünyasındakı rolunu deyil, həm də qlobal geosiyasi balansdakı əhəmiyyətini ortaya qoyur.
Avropa, ABŞ və Çin arasında süni intellekt sahəsində gedən rəqabət qlobal güc balansını dəyişmək potensialına malikdir. Paris Süni İntellekt Araşdırma İnstitutunun həmtəsisçisi İzabel Ril açıq şəkildə bildirir ki, Avropa tədqiqatlar sahəsində geri qalmır, lakin Çin bu sahəyə milyardlarla dollar sərmayə qoyaraq liderliyə doğru irəliləyir.
ABŞ ilə rəqabət üçün elə ABŞ modelinin tətbiqi
ABŞ prezidenti Donald Trampın süni intellekt sahəsində tənzimləyici qaydaları ləğv edərək innovasiyanı sürətləndirməsi Avropanı da oxşar addımlar atmağa məcbur edir. Avropalı iş adamları və investorlar bunu bir fürsət kimi görsələr də, bəzi ekspertlər bunun Avropanın texnoloji suverenliyini təhlükəyə ata biləcəyini düşünürlər.
Dataiku-nun CEO-su Florian Duyetto bildirir ki, Avropa startaplarının qlobal liderlərə çevrilməsi üçün ABŞ bazarına çıxışı vacibdir. Ancaq bu, müəyyən risklər də yaradır:
"Hazırda Avropadakı süni intellekt infrastrukturunun 80%-i əsasən ABŞ-ın yeddi iri şirkətinin nəzarətindədir. Əgər onlar qiymətləri 20% artırsa, nə baş verəcək?"
Bu, Avropanın gələcək texnoloji müstəqilliyi üçün ciddi bir xəbərdarlıqdır. Makron isə Avropanın süni intellekt sahəsində daha rəqabətli olması üçün tənzimləmə qaydalarını sadələşdirmək niyyətindədir. Başqa sözlə, Avropa bu sahədə inkişafa mane olan bütün bürokratik əngəlləri aradan qaldırmağa hazırdır.
Sem Altman tənzimləmələrin vacib olduğunu bildirir
Altman özü də süni intellektin tənzimlənməsinin vacibliyini vurğulayır. O bildirir ki, bu texnologiyanın eksponensial inkişafı dövlət nəzarəti altında aparılmalıdır ki, neqativ nəticələrin qarşısı alınsın. 2023-cü ildə "Dünya turu"na çıxan Sem Altman Londonda olanda bildirmişdi ki,
"Əgər Avropanın yeni süni intellekt qanunvericiliyi çox sərt olsa, OpenAI proqramlarını bu qitədən geri çəkəcək."
Qeyd edim ki, Fransa prezidenti E.Makron 2023-cü ildə də OpenAI-ın CEO-su Sem Altman ilə görüşüb, Sİ müzakirə etmişdi.
Sİ böyük həcmdə investisiyalar tələb edir
Hazırda ABŞ 500 milyard dollarlıq "Stargate AI" layihəsinə start verdiyini elan edib. Avropa isə süni intellekt sahəsinə 200 milyard avro sərmayə yatıracağını açıqlayıb. Bu fərq, Avropanın texnologiya yarışında nə qədər çətinliklərlə qarşılaşdığını göstərir.
Lakin Makronun açıqladığı 109 milyard avroluq yeni sərmayə paketi Fransa və ümumilikdə Avropa üçün yeni bir ümid yaradır. Mistral AI kimi fransız startaplarının güclənməsi və "Current AI" kimi startapların işə düşməsi Avropanın bu sahədə öz liderlərini yetişdirmək niyyətində olduğunu göstərir.
Son nəticədə, Avropa süni intellekt sahəsində gücünü artırmaq istəyirsə, həm texnoloji suverenliyini qorumalı, həm də ABŞ və Çin ilə rəqabət aparacaq qədər çevik və yenilikçi olmalıdır. Makronun da vurğuladığı kimi:
"Biz tənzimləmələri sadələşdirəcəyik. Dünyanın qalan hissəsi ilə sinxronlaşmalıyıq."
Bu yarışda qalib gəlmək üçün Avropa yalnız qaydaları dəyişdirməklə kifayətlənməməli, həm də süni intellekt sahəsində inqilabi addımlar atmalıdır.