San Fransiskodan San Xoseyə uzanan silikon vadisində havada tək bir mövzu var: Süni İntellekt. Hər meetup, hər tədbir, hər hackathon bir ümumi dildə danışır – bu dil Süni İntellketin dilidir. Gənclər kod yazır, startaplar ideyalarını bölüşür, investorlar isə növbəti inqilabi texnologiyanı kəşf etmək üçün gözləyir. Bu sadəcə texnologiya deyil – bu bir hərəkətdir, ruh halıdır, gələcəyə inamdır.
Linkedin-də paylaşdığım proqnozları və şərhləri izləyənlər yaxşı bilirlər ki, mən uzun zamandır süni intellektin (AI) bütün sahələrə böyük təsir edəcəyini vurğulayıram. Bu texnologiya sürətlə inkişaf edir və tarixdə görünməmiş miqyasda dəyişikliklərə səbəb olur. Bu sürətli dəyişikliklər zamanı Sİ texnologiyası bu qədər məlumatı necə emal edir və saxlayır? Bu sual bu günlərdə daha da aktuallaşıb.
Artıq süni intellekt yalnız mərkəzləşdirilmiş bulud sistemlərindən asılı deyil. Sİ texnologiyası “kənarda”, yəni cihazlara yaxın yerlərdə işləyərək şirkətlərin daha tez qərar verməsinə və daha effektiv olmasına imkan yaradır. Bu isə sənayelərdə inqilabi dəyişikliklərə səbəb olur və şirkətlərə daha innovativ və rəqabətli olma şansı verir.
Agentic AI – Yeni Liderlik Texnologiyası
Yeni bir konsepsiya olan Agentic AI, şirkətlərin çevik qərar verməsini və daha sürətli işləməsini təmin edən Sİ agentlərini nəzərdə tutur. Gartner-ə görə, 2028-ci ilə qədər şirkət proqramlarının 33%-i bu tip Sİ agentlərini istifadə edəcək və bu agentlər gündəlik qərarların 15%-ni özləri verə biləcək. Bu texnologiya artıq 2025-ci ilin ən vacib texnoloji trendi elan olunub. 2025–2028-ci illər üçün hazırlanmış Süni İntellekt Strategiyası ölkəmizdə rəqəmsal transformasiyaya ciddi təkan verəcək.
Artıq portfelimizdə yer alan rəqəmsal məhsulların (mygov, Digital Bridge və Digital Login) yeni inkişaf strategiyasında süni intellektin gətirdiyi yeniliklər nəzərə alınıb. Bu, təkcə texnologiya yeniliyi deyil — bu, vətəndaşlara göstərdiyimiz xidmətlərin keyfiyyətində real dəyişiklik deməkdir.
Bu dönüşüm təkcə “növbəti mərhələ” deyil, tamamilə yeni düşüncə tərzidir: xidmətlər daha proaktiv, daha şəffaf və daha insan yönümlü olur. Süni intellekt bu prosesin mərkəzində dayanaraq, məhsullarımızı gələcəyin tələblərinə uyğun formalaşdırır.
Dəyişiklik Çox Sürətlidir
Cəmi 18 ay əvvəl gündəmdə generativ AI (Süni İntellekt) və böyük dil modelləri var idi. Bu gün isə onlar artıq standart sayılır. Sİ tədqiqat mərhələsindən çıxıb real sektorlarda tətbiq olunur və internet kimi böyük təsir göstərməyə başlayıb. Əsas fərq – Sİ getdikcə daha çox mərkəzləşdirilməmiş sistemlərdə, yəni cihazların özündə və ya onlara yaxın yerlərdə işləyir. Misal üçün"Built for Apple Intelligence" ifadəsi, Apple şirkətinin süni zəka və maşın öyrənmə texnologiyalarına uyğun olaraq hazırlanmış məhsul və ya xidmətləri təsvir etmək üçün istifadə olunur. Bu o deməkdir ki, həmin məhsul Apple-ın öz ekosistemindəki (məsələn, iOS, macOS, watchOS və s.) süni zəka imkanlarından istifadə edərək işləyir və ya Apple tərəfindən hazırlanmış AI texnologiyalarına xüsusi uyğunlaşdırılıb.
Bu sürətli yayılma bir çox sektoru dəyişir. Şirkətlər artıq süni intellekti yalnız nəzəri strategiya kimi yox, gündəlik iş axınlarında real vasitə kimi tətbiq edirlər. 2025-ci ilin sonuna qədər süni intellektin bütün sahələrdə – maliyyədən mühəndisliyə qədər – əsas iş alətinə çevriləcəyi gözlənilir.
Əlbəttə, bu dəyişikliklər çətinliksiz deyil. Ənənəvi və çevik olmayan strukturlar bu qədər sürətli transformasiyaya hazır deyilsə, geridə qalmaq riski ilə üz-üzədir. Lakin mənim təcrübəm göstərir ki, çevik yanaşmanı mənimsəyən, tez qərar verən və sınaqdan qorxmayan komandalar bu yeni dövrdə öndə olacaq. Burada dostum Məmməd Kərimin tez-tez dediyi söz yadıma düşür: 'Əgər MVP-ni bazara çıxarıb utanmamısansa, deməli, onu çox gec çıxarmısan.'
Hətta bu günlərdə onunla ənənəvi investisiya yanaşmalarını müzakirə edirdik. Bir zamanlar investorlar ilk növbədə komandaya, onun təcrübəsinə və liderlik bacarığına diqqət yetirirdi. Bu, hələ də önəmlidir, amma indi sanki səhnənin mərkəzinə sən və... sənin süni intellekt agentin çıxır.
Yəni artıq investorlar yalnız "komandada kim var?" sualını vermir. Onlar soruşurlar:
"Sənin Sİ agentin nə qədər ağıllıdır?", "Məhsulun Sİ ilə necə inkişaf edir?", "Agent real vaxtda hansı qərarları verə bilir?"
Bu köklü dəyişiklik, təkcə texnologiyanın deyil, etimadın və dəyər yaratma modelinin də dəyişdiyini göstərir.
Bu, innovasiya dünyasında çox şeyi izah edir. Yəni, ideyanın mükəmməl olmasını gözləməkdənsə, tez sına, öyrən və yenidən qur. Yeni dövrdə uğur qazanmaq üçün bu düşüncə tərzi vacib olacaq.