Az | EN

Texnologiya dünyasında ötən həftə nələr baş verdi? - Şaiq Muradovun yazısı

Cəmil Hüseynzadə
23 Mart 2025 12:08
248 baxış
Texnologiya dünyasında ötən həftə nələr baş verdi? - Şaiq Muradovun yazısı

8-ci həftəlik qeydlərimdə Umico, İRİA, OpenAI, Google, Apple, Telegram, Baidu, xAI və s. kimi texnologiya şirkətləri haqqında məlumatlar var.
Bu həftə Novruz həftəsi idi.

Bayramda istifadə elədiyimiz əksər platformlar, Google-undan, myGov-una qədər bir şəkildə bayramımızı təbrik edirlər. Mən də təbriklərə qoşuluram. Bayramımız mübarək!

Bir az da havaların soyuduğunu nəzərə alsaq, çayınızı, kofenizi hazırlayıb, Novruz şirniyyatları ilə birgə oxumağa başlaya bilərsiniz.

Yerli bazar üçün qeydlərim.

Umico-da texniki infrastruktur dəyişikliyi

Texniki Rəhbərin verdiyi məlumata görə, Umico-nun əsas dili ruby-dən, GO-a keçirilib (kataloq və axtarış hissəsində). Bu dəyişiklik nəticəsində infrastruktur xərcləri 3-6 dəfə optimizasiya edilib. Eyni zamanda, bu dəyişiklik yəqin ki, Bir ekosistemə inteqrasiya üçün də vacib olub.

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi

İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi təsdiqlənib. Vahid abunəçi kodunun yaradılması məntiqli görünür. Ancaq ödənişlərin vahid sistem üzərində olma məsələsi diqqətimi çəkdi. Əgər digər platformalardan bu “vahid sistem” adı ilə yığışdırılsa geriyə doğru addım olur. Əgər digər platformalar fəaliyyətini davam etdirərsə və bu sistem əlavə dəyər qatan bir xidmət kimi qalarsa, daha yaxşı olar.

Oyun studioları üçün inkubasiya proqramı başladı

Mükafat fondu isə - 100 min manat olacaq. Proqram İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin əməkdaşlığı çərçivəsində baş tutacaq. 3 qalib startap üçün 50, 75 və 100 min manatlıq pul mükafatı nəzərdə tutulub. Müraciət üçün keçid. Oyunlarımızla bağlı maraqlı bir TikTok videosu da qarşıma çıxmışdı.

Yeni xidmətlər

Bu həftə diqqətimi çəkən üç maraqlı saytla qarşılaşdım.

  • Biri musical.az-dır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu platforma Azərbaycan, türk dünyası və Şərq musiqi bazarı üçün nəzərdə tutulub.
  • Digəri isə www.pixelfork.art saytıdır. Antler-in 3 aylıq proqramına qəbul olmuş xidmətin müəllifləri iki Azərbaycanlıdır #1 #2.
  • UserOrient də gördüyüm sonuncu yerli maraqlı sayt oldu. Flutter layihələrində istifadəçi rəylərini toplamaq üçün bir alətdir. Xüsusilə, bu sistemin developerin iştirak etdiyi müxtəlif tətbiqlərdə istifadəsi, platformanın inkişafına böyük töhfə verə bilər.

Azərbaycanın süni intellekt strategiyası təsdiqləndi.

Strategiya Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 24 səhifədən ibarətdir. Müddəti isə 2025-2028 -ci illəri əhatə edir.

Çalışdığım qədər sənədi oxudum və ümumi götürsək, istiqamət doğrudur. Əsas məsələ icranın effektivliyidir. İlk axtardığım büdcə oldu – ABŞ-ın süni intellekt strategiyasına 500 milyard dollar ayırdığını bilirik. Lakin sənəddə konkret maliyyə rəqəmləri və detallı plan açıq şəkildə qeyd edildiyini görmədim. Dövlət-özəl sektor əməkdaşlığı (Public-Private Partnership) modeli vurğulanır. Süni İntellekt Akademiyasının yaradılması, 500 mühəndis və 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulur. Bunun üçün maliyyənin dövlət büdcəsindən və digər mənbələrdən təmin ediləcəyi bildirilir. Ümid edirəm ki, akademiyanın yaradılması prosesində hazırda texniki sahədə fəaliyyət göstərən Code, Step, Div kimi təhsil qurumlarının bazası əsas götürülərək büdcəyə qənaət edilər.

Digər müsbət məqam yerli LLM (Large Language Model) hazırlanmasının da planda olmasıdır. Bunun nə dərəcədə real olduğunu bilmirəm, çünki bu proses külli miqdarda vəsait tələb edir. Ötən ilin sonunda Sadiglə bir süni intellekt layihəsi test etməyə çalışmışdıq. AWS üzərində işlənmiş, müxtəlif LLM-lərin API-ları istifadə olunmuşdu. Amma test mərhələsində başa düşdük ki, şəxsi vəsaitlə belə bir iş görmək mümkün deyil və layihəni dayandırdıq.

Bu barədə uzun yazdım, ancaq ölkəmiz üçün vacib bir yenilikdir. Xülasə etsək, deməyim odur ki, çox yaxşı bir addımdır. Ancaq külli miqdarda vəsait ayrılmalı və bu vəsait doğru istifadə edilməlidir. Ümid edirəm ölkə olaraq öhdəsindən gələ bilərik.

Xülasə, bu, ölkəmiz üçün çox önəmli bir addımdır. Ancaq uğurlu olması üçün ciddi maliyyə ayrılmalı və bu vəsait səmərəli istifadə edilməlidir. Ümid edirəm ki, ölkə olaraq öhdəsindən gələ bilərik.

Süni İntellekt

Baidu S.İ.modeli

Baidu-nun yeni Ernie X1 model Deepseek-in R1 modeli ilə eyni performans göstərir. OpenAI-nın S.İ. modeli GPT-4.5-dən daha üstün performans göstərir və onun qiymətinin cəmi 1%-i qədər təklif edilir.

xAI Hotshot xidmətini satın alıb

xAI S.İ. ilə video hazırlamaq üçün tamamilə yenidən bir sistem hazırlamaq əvəzinə, vaxtdan qənaət etmək üçün başqa video sahəsində fəaliyyət göstərən S.İ xidməti olan Hotshot xidmətini satın alıb.

Gemini-də yeni xüsusiyyətlər

Canvas xüsusiyyəti sayəsində sənədlər və kodlar real vaxt rejimində yaradılıb redaktə edilə bilər, Səsli Xülasə (Audio Overview) xüsusiyyəti isə məzmunları dinamik podkast formatına çevirir.

Nvidia robotlar üçün yeni proqram təminatı.

Nvidia, GTC 2025 tədbirində insanabənzər robotlar üçün xüsusi hazırlanmış Groot N1 süni intellekt modelini təqdim edib. Bu model, robotların həm refleksiv, həm də strateji düşünmə qabiliyyətinə malik olmasını təmin edir. Sürətli düşünmə sistemi robotlara dərhal reaksiya vermək imkanı yaradır, yavaş düşünmə sistemi isə daha mürəkkəb tapşırıqları planlaşdırmağa və yerinə yetirməyə kömək edir. Nvidia bu modeli açıq mənbə olaraq təqdim edir və müxtəlif sahələrdə geniş tətbiq imkanları vəd edir. Şirkətin CEO-su Huang-ın dediyinə görə, robotların həyatımıza tam daxil olması 5 il ərzində gerçəkləşəcək.

Perplexity AI investisiya axtarır

Perplexity AI 18 milyard dollar dəyər ilə 1 milyard dollar investisiya axtarır. Onu da deyim ki, ən son investisiyanı 2024-ün dekabrında 500 milyon dollar almışdı. Bu rəqəmlərlə S.İ.-in nə qədər çox “pul yandırdığını” görmək olur.

Claude-də internet axtarışı.

İndiyə kimi Claude-nin yaddaşı oktyabr 2024 idi. Artıq son məlumatlara da çıxışı var. İndiyə qədər Google-a axtarışda birbaşa rəqib yox idi. Amma S.İ. ilə google-a rəqiblər çoxalır.

OpenAI səs modeli

OpenAI, 3 yeni səs modeli gpt-4o-transcribe, gpt-4o-mini-transcribe ve gpt-4o-mini-tts-i təqdim edib. Openai.fm üzərindən developerlər mətndən səsə xüsusiyyətini test edə bilər.

Texnologiya

Google-un 30 milyad dollarlıq alışı.

Deyilənə görə Google, Wiz 30 milyarda alır. Keçən il 23 milyard təklifi geri çevirmişdilər. Orası maraqlıdır ki, bu şirkə İsrail mərkəzlidir. Yəni kiçik bazardan çıxmış bir şirkət global exit edə bilər.

Apple-ın 1 milyard $ itkisi.

Apple hər il 1 milyard dollar itirir. Şirkət bu pulu Apple TV+ üçün xərcləyir. Cəmi 45 milyon üzvü olmasına görə, xərclədiyinin qarşılığını hələki almır.

Telegram 1 milyard istifadəçiyə çatdı.

Bu aktiv istifadəçi sayıdır. Bundan əlavə telegram artıq gəlirli şirkətə çevrildiyini də qeyd edək. Onlar ötən ilki mənfəətlərini də açıqlayıblar - 547 milyon dollar.

Tramp ailəsi “Binance”dan pay alır.

Ailənin Binance-in ABŞ-dəkı bölməsi olan Binance.US-dən pay almaq üçün danışıqlar apardığı barədə məlumatlar yayılıb. Binance rəhbərliyi isə məlumatı qəti təkzib edib.

© copyright 2022 | tech.az | info@tech.az