700-dən çox texnoloji lider və mühəndisin iştirak etdiyi qlobal sorğunun nəticələrinə əsasən, açıq mənbəli süni intellekt (Open Source AI) artıq təşkilatların texnoloji strategiyalarında mərkəzi yer tutur. McKinsey, Mozilla Fondu və Patrick J. McGovern Fondu tərəfindən keçirilmiş bu tədqiqatın nəticələri göstərir ki, respondentlərin 76%-i yaxın illərdə təşkilatlarında açıq mənbəli Sİ texnologiyalarının istifadəsini artırmağı planlaşdırır.
Bu tendensiya təkcə texnoloji innovasiyalarla deyil, həm də dəyişən geosiyasi reallıqlarla izah olunur. Açıq mənbə artıq təkcə texniki seçim deyil — o, suverenlik, etibar və iqtisadi müstəqillik üçün strateji seçimə çevrilib.
İnnovasiyanın yeni istiqaməti: Edge və Əsaslandırma modelləri
Sorğunun nəticələri göstərir ki, açıq mənbəli Sİ əsasən iki istiqamətdə innovasiyanı təşviq edir:
- Məxfilik yönümlü Edge ( istifadəçi məlumatlarını mərkəzi serverə ötürmədən lokal olaraq analiz edən və emal edən, beləliklə məxfilik və sürəti artıran Sİ əsaslı) tətbiqləri kiçik dil modelləri (Small Language Models – SLMs) üzərində qurulmuş, məlumatların lokal emalını təmin edən bu sistemlər aşağı gecikmə və yüksək təhlükəsizlik təmin edir.
- Əsaslandırma modelləri (Reasoning Models) – klassik LLM-lərlə müqayisədə daha effektiv nəticə çıxarma (inference) qabiliyyəti olan bu modellər, qərarvermə proseslərini sürətləndirərək müəssisələrə daha çevik AI sistemləri təqdim edir.
Geosiyasi Reallıqlar və Açıq Mənbənin Siyasi Gündəmə Gəlişi
Açıq mənbə Sİ texnologiyaları, xüsusilə ABŞ və Çin kimi nəhənglərin qapalı modellərinin təsir dairəsini azaltmaq üçün qlobal alternativ kimi yüksəlməkdədir. Parisdə keçirilən Qlobal AI Fəaliyyət Sammitində 58 ölkə – dünya əhalisinin yarısını təmsil edən dövlətlər – açıq, etik və inklüziv Sİ inkişafına sadiqlik bəyan etdi. Patrick J. McGovern Fondunun prezidenti Vilas S. Dhar bunu belə ifadə edir: “Süni intellektin gələcəyi imperiyaların deyil, ekosistemlərin əlinə keçəcək.” Bu kontekstdə Latın Amerikası üçün yaradılan Latam GPT modeli strateji əhəmiyyət daşıyır. Regionun tarixi və mədəni kontekstinə uyğunlaşdırılmış bu model, dövlətlərə Sİ texnologiyalarına müstəqil çıxış imkanı yaratmaqla demokratikləşdirici rol oynayır. Avropada isə açıq mənbə, texnoloji suverenliyin əsas vasitəsi kimi görülür. Probabl şirkətinin rəhbəri Yann Lechelle bildirir ki: “Gücün qeyri-Avropa şirkətlərin əlində cəmləşdiyi bir dövrdə, açıq texnologiyalar dövlət siyasəti üçün oyun bərabərləşdirici silahdır.” Avropa Komissiyasının açıq elm, açıq məlumat, açıq mənbə kod, açıq model çəki faylları və açıq standartlara verdiyi dəstək, iqtisadi və texnoloji manevr imkanlarını genişləndirir.
Nəhəng Şirkətlər də Açıq Mənbəyə Keçir
Süni intellekt sahəsində lider olan Google (Gemma) və Meta (LLaMA) da açıq mənbəyə yönələn əsas oyunçulardandır. Nəhənglər bu sahəyə ciddi sərmayə qoyublar.
Bu addımın əsas səbəbləri nələrdir?
- Bazar rəqabətində üstünlük qazanmaq: Açıq mənbə modellər, fərdi və korporativ istifadəçilər tərəfindən daha tez qəbul edilir. Çünki istifadə etmək asandır, dəyişmək mümkündür və inteqrasiya xərci azdır.
- Sürətli innovasiya yaratmaq: Açıq kodlu sistemlərdə minlərlə tərtibatçı və araşdırmaçı birgə işləyərək çox daha sürətli inkişaf təmin edir. Bu, tək bir şirkətin edə biləcəyindən daha çevik və genişmiqyaslı irəliləyiş deməkdir.
- Etimad və şəffaflıq yaratmaq: Qapalı sistemlərə (məsələn, OpenAI GPT) qarşı ictimai etimad məsələləri artır. Açıq modellər isə necə işlədiyini göstərdiyi üçün etik və şəffaf texnologiya nümunəsi kimi qəbul edilir.
- İnklüziv və ekosistem əsaslı yanaşma: Meta və Google istəyir ki, süni intellekt təkcə özlərinin deyil, bütün dünyanın inkişafına töhfə versin. Bu yanaşma elmi-tədqiqat mərkəzlərinin, kiçik şirkətlərin, startapların və fərdi mühəndislərin də bu ekosistemə qatılmasını təmin edir.
Dhar’ın vurğuladığı fikir: “Gələcəyin üstün Sİ modeli texniki gücdən çox, paylaşılmış innovasiya və açıq mənbə üzərində qurulacaq.”
Yəni, artıq texnologiyada irəlidə olmaq təkcə güclü kompüterə və böyük komandaya sahib olmaqla deyil, biliklərin paylaşılması və birgə yaradılan dəyərlə mümkün olacaq.
Kiçik, Amma Güclü Modellər – Daha Ağıllı və Effektiv Yanaşma
Süni intellekt sahəsində artıq böyük modellər (LLM) yerini tədricən daha kiçik və məqsədyönlü modellərə verir.Bu modellərə Small Language Models – SLMs deyilir.
Bu modellərin əsas üstünlükləri:
- Hesablama gücü az olan cihazlarda belə rahat işləyirlər.
- Məlumatı daha tez emal edir və cavab verir.
- Onların qurulması və işlədilməsi daha ucuz başa gəlir.
Kimlər bu modellər üzərində işləyir?
Amazon Web Services (AWS), Google Cloud və Microsoft Azure kimi böyük bulud platformaları, bu modelləri sənaye sahələrinə uyğunlaşdırılmış formada təqdim edirlər. Məsələn:
- Sağlamlıq sahəsində pasiyent məlumatlarını emal edən modellər,
- Hüquq sahəsində sənədləri analiz edən modellər,
- Müştəri dəstəyi üçün sürətli cavab verən chatbotlar.
Risklər də Var
OpenAI-nin O1 modeli kimi qapalı sistemlərə qarşı Çin şirkətlərindən DeepSeek-R1 və Alibaba kimi açıq mənbəli alternativlər çıxır. Perplexity və HuggingFace kimi platformalar da bu sahədə dinamik şəkildə yeni modellər təqdim edir. Bütün üstünlüklərə baxmayaraq, açıq mənbəli Sİ sistemləri müəyyən risklərlə müşayiət olunur:
- Kibertəhlükəsizlik – 62%
- Tənzimləmə uyğunluğu – 54%
- Əqli mülkiyyət riski – 50%
Bu risklərə baxmayaraq, təşkilatlar açıq mənbəli sistemlərin inteqrasiyasını daha güclü təhlükəsizlik və uyğunluq strategiyaları ilə idarə etməyə çalışırlar. Mozilla-nın prezidenti Mark Surman bu vizyonu belə yekunlaşdırır: “Açıq mənbə Sİ gələcəyin yalnız alternativi deyil – o, rəqabətli və yaradıcı iqtisadiyyatın əsası olacaq. Əgər bu texnologiyalar Lego kimi modulyar şəkildə hamıya əlçatan olsa, hər bir təşkilat öz məqsədinə uyğun Sİ sistemini qura biləcək.”