Artıq 20 ildən çoxdur ki, İnformasiya Texnologiyaları sahəsində, 10 ildən artıq Data Mərkəzi əsaslı xidmətlərdə, son 3 ildə isə rəsmi şirkət olaraq müxtəlif layihələr üzərində çalışıram. Hazırda rəhbəri olduğum layihə “Startap şəhadətnaməsi” almış startaplardandır. Artıq bu şəhadətnaməni əldə etməyimizin üç ili tamam olmaq üzrədir və bu müddətdə rastlaşdığım müsbət və mənfi tərəfləri, çətinlikləri və təkliflərimi sizinlə bölüşmək istəyirəm.
Problemlər:
İlk olaraq bu sahədə rastlaşdığım problemlərdən danışım.
1. “Startap Şəhadətnaməsinin” Reallığı
Başlanğıcda startap şəhadətnaməsinin böyük imkanlar yaradacağı deyilsə də reallıq tamamilə fərqlidir. Şəhadətnamə bizə yalnız KOBİA saytında link yerləşdirmə və mənfəət vergisindən azadolma imkanı verdi. Lakin kiçik şirkət üçün bu heç də faydalı olmadı. Bu zamana qədər “Startap Şəhadətnməsi”-nə görə nə layihəmizə müştəri cəlb edə, nə sərgilərdə stend, nə investor, nə də bankdan güzəştli kredit şəraiti əldə edə bildik.
2. Bank Sistemi
Banklar əsasən yüksək faizli kredit verməkdən başqa bir şey etmir, xaricdən ödəniş almaq üçün isə çoxsaylı sənədlər tələb olunur. Bəzən elə olur ki, insan özü də artıq bu qədər çətinlikdə şübhəyə düşür ki, görəsən qanunsuz bir işmi edirik?
3. İnvestorlara Çıxış
Ölkəmizdə hələ də real investorlara çıxış imkanı məhduddur. Layihəmiz Bootstrapping edərək inkişaf edir və biz hər addımda müxtəlif çətinliklərlə qarşılaşırıq. Buna baxmayaraq, ölkədə lokal layihənin formalaşması üçün çalışırıq.
4. Tədbirlər və Real Təsiri
Sektor üzrə keçirilən tədbirlər (məsələn Inmerge və s.) adətən nəticəsiz olur — çıxışlara yer verilir, lakin real nəticələr olmur.
5. Vergi və Bank Problemləri
Banklarda hər ödənişə görə əlavə komissiyalar, gecikmələrə görə tətbiq olunan cərimələr, xırda texniki səhvlərə görə yüksək məbləğdə cərimələrlə üzləşirik. Bununla yanaşı, üç bankda hesabımız olduğu üçün vergi sistemindən 500 AZN-lik cərimə gəldikdə (əslində ödənişi etmiş oluruq, sadəcə sistemə gec daxil olduğuna görə), hər bir bank bu cəriməni ayrıca tətbiq edir. Nəticədə dövriyyədən 4 dəfə 500 AZN çıxılır. Sonradan həmin məbləğlər depozit kimi hesaba qaytarılsa da, dövriyyədən belə bir vəsaitin müvəqqəti çıxarılması müxtəlif problemlərə səbəb olur.
6. Rabitə Nazirliyinin Uçotu
Layihəmiz host-provayder kimi Rabitə Nazirliyinin uçotuna alınıb. Lakin hazırda bunun heç bir real faydası yoxdur. Yəqin ki, gələcəkdə bu qeydiyyatın hər hansı bir funksional məqsədi və ya tələbi ortaya çıxacaq.
Qarşılaşdığımız Real Problemlər:
1. Xarici ölkəyə ödəniş
Rusiyadakı bir şirkətə ödəniş etmək üçün əsas hesabımız olan banklardan biri ilə danışıb rus rublunda hesab açdıq. Məzənnə ilə AZN-dən vəsait köçürdük, lakin sonda bank bildirdi ki, Rusiyaya köçürmə etmirlər. Araşdırdıq və öyrəndik ki, başqa bir bank bu köçürməni edə bilir. Lakin bu dəfə də əvvəlki bank dedi ki, biz həmin banka pul köçürmə əməliyyatları həyata keçirmirik. Pulu geri çıxarmaq istədikdə isə bir çox texniki və inzibati əngəllərlə qarşılaşdıq. Nəticədə, təxminən 1000 AZN civarında maliyyə itkisi oldu.
2. Kredit təcrübəsi
İlk mərhələdə bank bizə kredit xətti açdı və vaxtını bir neçə dəfə uzatdı. Lakin sonuncu dəfə xəbərdarlıq etmədən kredit xəttini bağladı və borcun tam məbləğini dərhal tələb etdi. Hesaba vəsait daxil olduqda xəbərsiz şəkildə həmin məbləğ silindi. Sonradan bankla əlaqə saxlayaraq borcun 6 ay və ya 1 il ərzində hissə-hissə ödənməsi barədə razılıq əldə etdik. Amma bu proses nəticəsində 7000 AZN-lik dövriyyə vəsaiti itirdik. Bu da bank tərəfindən Startapa vurulan növbəti zərbə oldu. Bütün bu çətinliklərə baxmayaraq ayaq üstə qalmağa çalışırıq.
3. Ofis problemləri
Komandamız əsasən onlayn rejimdə çalışsa da, imic və qeydiyyat baxımından kiçik bir ofis saxlamağa məcburuq. Bunun üçün aylıq təxminən 1000 AZN xərc çəkirik. Bu, eyni zamanda serverlərin müvəqqəti təmir üçün yerləşdirilməsi və obyekt kodu üçün fiziki məkan tapmaqda əlavə çətinliklər yaradır.
Digər Ölkələr necə edir?
Estoniya:
Elektron rezidentlik vasitəsilə istənilən vətəndaş şirkət qurub, ildə bir dəfə sadə hesabat verir. 40,000 EUR dövriyyədən sonra ƏDV ödəyicisi olur.
Estoniyada e-rezident portalından məlumat
ABŞ:
Stripe Atlas xidmətindən istifadə edərək asanlıqla şirkət açmaq mümkündür.
Dubay:
Təəssüf ki, şəxsi təcrübəm yoxdur, amma haqqında eşitdiyim məşhur modellərdəndir.
Biz necə etmişik
Şirkətimiz Azərbaycanda və Gürcüstanda yerləşdirilmiş server əsaslı xidmətlər göstərir, 20-dən çox ölkəyə xidmət göstəririk. Bu səbəbdən həm Azərbaycanda, həm də Estoniyada şirkət qurmuşuq.
- Xarici şirkətlər üçün lazım olduqda Estoniya şirkətindən,
- Ölkədaxili üçün isə yerli şirkətdən istifadə edirik.
- PayPal və digər e-ticarət ödənişlərini Estoniya, AZN e-ticarət ödənişlərini isə yerli şirkət vasitəsilə reallaşdırırıq.
cPanel lisenziyası və digər xarici ödənişlərimizi xarici şirkət vasitəsilə həyata keçirərək proseduru asanlaşdırır və xərclərimizə qənaət etməyə çalışırıq.
Təkliflər
- Vergilərin Sadələşdirilməsi: Estoniya modeli kimi ildə 1 dəfə hesabat və sadə vergi sistemi startaplar üçün işi daha da asanlaşdırardı.
- Real investorların layihələrdə birbaşa iştirakı təmin olunmalı, yalnız tədbirlərlə kifayətlənilməməlidir.
- Hər tədbir əvvəlki nəticələr əsasında dəyərləndirilməli, cəlb olunan investisiyanın həcmi və əldə olunan çıxarışlar şəffaf şəkildə təqdim edilməlidir.
- Elektron bank xidmətləri daha əlçatan və rahat olmalı, kiçik startaplar üçün xüsusi kredit imkanları yaradılmalıdır.
- Startap Şəhadətnaməsinin Real Faydası Olsun: Yalnız sənədlərdə deyil real iş mühitində də dəstək və imkanlar yaradılmalıdır.
- Əlavə Dəstək: Ofis və digər xərclər üçün dövlət tərəfindən dəstək mexanizmləri olmalıdır (məs., ofis icarəsi üçün güzəştlər).
İnkişaf
Əgər bu təkliflər həyata keçərsə, sahənin inkişafını bu istiqamətlərdə görə bilərik:
- Sahə üzrə ixtisaslı kadrlar artıq sadəcə kurs açmaqla kifayətlənməyəcək, real startaplar quracaq, universitetlərdə dərs deyərək tələbələri praktik layihələrə cəlb edəcəklər.
- Startap sahəsində qazanc əldə edənlər digər sahələrdə — məsələn, Yango, Uber, tikinti və kafe biznesində deyil — məhz öz ixtisas sahələrində yeni startaplara investisiya qoyacaqlar.
- Elmi işçilərin fəaliyyəti yalnız nəzəriyyə ilə məhdudlaşmayacaq, praktik yönümlü tədqiqatlara çevriləcək.
- Seminarlar və tədbirlər əvəzinə, real əlaqələr yaradan networking və güclü startup icmaları formalaşacaq.