Az | EN

PAŞA Holding texnologiya sahəsində nələr edir?

Cəmil Hüseynzadə
03 May 2023 17:19
3282 baxış
PAŞA Holding texnologiya sahəsində nələr edir?

Azərbaycanın ən böyük şirkətlər qrupundan olan PAŞA Holdinq son günlər texnologiya sahəsinin gündəmindədir. Buna səbəb holdinqin bir neçə xarici brendlərin Azərbaycanda fəaliyyətini təmin etmək üçün tərəfdaşlıq etməsidir. Belə ki, PAŞA Holdinq xarici brendlər ilə artıq əməkdaşlıq müqavilələri imzalayıb.

Bu şirkətlərdən ən böyüyü Türkiyə mərkəzli Trendyol e-ticarət platforması və Ukrayna mərkəzli Uklon taksi şirkətidir. 

Aprel ayında “Uklon MMC” şirkəti Azərbaycanda qeydiyyatdan keçib və şirkətin nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət 2 may tarixindən etibarən Bakıda fəaliyyətə başlayıb.

Bakıda bir sıra yerli və xarici taksi şirkətlərinin olmasına baxmayaraq PAŞA Holdinqin bazara yeni brendi daxil etməsi olduqca maraqlıdır. Çünki artıq Bolt və Uber bazarın çox hissəsini tutub. Bunlara - alternativ hansısa taksi xidmətinə ehtiyac var idimi? Görünür ki, PAŞA Holdinq bazarda pay sahibi olacağına inanır. Bu səbəbdən də Uklon-u Umico ilə dəstəkləyir. Artıq şəhərdə yeni taksilər görəcəyik. 

Azərbaycanda taksi şirkətləri arasında rəqabət necədir?

Azərbaycanda UBER, Bolt, Yango kimi beynəlxalq şirkətlər fəaliyyət göstərirlər. Bu şirkətlər yerli bazara daxil olanda Bakı sakinlərinin təkliflərinə uyğunlaşmaq məcburiyyətində qalmışdılar. Zəng ilə sifariş etmə, nağd ödəniş qəbul etmə bu təkliflər arasındadır. 

Taksi şirkətləri tariflər ilə bir-biri ilə rəqabət edirlər. Tariflərə fokus olan şirkətlər bəzən keyfiyyət amilini nəzərə almırlar. Elə bu səbəbdəndir ki, hazırda bir çox müştəri şirkətlərin sürcülərindən şikayətçidirlər. Uklon tarifləri nəzərə alıb, belə ki, kartla ödəniş zamanı tariflərdə ƏDV-ni əlavə hesablamayacaq. 

PAŞA Holdinq bu məqamları nəzərə alıb. Rəqabəti yanlız tariflər ilə deyil, müştəri məmnuniyyəti ilə etsə, uğurlu olma ehtimalı daha yüksəkdir. Azərbaycan bazarında xarici şirkətlərlə yanaşı yerli şirkətlərin sayı da bir xeylidir. Artıq Bakıda ən ucuz xidmətlərdən biri taksi xidmətidir.

Azərbaycanda elektron ticarətin gələcəyi

Trendyol ilə müqavilə imzalayan PAŞA Holdinq onun yerli bazara çıxışını təmin etmək üçün dəstək göstərəcəkdir. 3 may tarixindən etibarən Trendyol platforması öz saytında Azərbaycan bölməsini əlavə edib. Maraqlı olan məqam isə Trendyolun azərbaycanlı satıcılar üçün mağaza açmağa imkan verib-verməməsidir. Əgər Trendyol yerli satıcılara mağaza açmağa imkan versə, artıq o Umico-nun rəqibi olacaqdır. Güman ki, PAŞA Holdinq bunu nəzərə alıb. 

Son məlumatlara görə Trendyol Azərbaycanda elektron ticarət bazarında 70% pay sahibidir. Əsas üstünlük geyimlər olsa da, əhali digər məhsulları da Trendyol-dan sifariş edir. Trendyol Azərbaycan bölməsi əlavə etməklə həm birbaşa çatdırılma, həm də “Gəl al” təhvil məntəqələrini də təqdim edir. Çatdırılmanı şirkət 48-72 saata təmin edəcəyini bildirir. Bu birbaşa çatdırılma yerli bazarda elektron ticarətə marağı daha da artıracaqdır. 

Amma yerli kiçik satış platformalarının bazardan çıxmasına səbəb olacaqdır. Təbii haldır ki, kiçik bazarda kiçik büdcə ilə fəaliyyət göstərən şirkətlər nəhəng e-ticarət platforması ilə rəqabət apara bilməzlər.

Karqo şirkətləri necə olacaq?

Trendyolun birbaşa çatdırılma etməsi Türkiyədən Azərbaycana çatdırılma edən karqo şirkətlərinin fəaliyyətinə zərbədir. Artıq bu şirkətlər öz aktuallığını itirib. Onlarla karqo şirkəti artıq öz fəaliyyətinə ciddi nəzər yetirməlidir. Şirkətlər digər satış platofmalarından çatdırılma üçün üsul düşünməlidirlər, ya da “Gəl al” təhvil nöqtəsi kimi fəaliyyət göstərməlidirlər. İkinci hal Trendyol-dan asılıdır, onlar karqo şirkətləri ilə çalışa bilərlərmi? Karqo şirkətlərini fəaliyyətini dayandırma kütləvi şəkildə işdən çıxarılmalara səbəb ola bilər. 

PAŞA Holdinqin startaplara yatırımı

PAŞA Holdin innovasiyalara və startaplara maraqlıdır. Bunun ən bariz nümunəsi Azərbaycanın ilk vençur kapital fondu "Caucasus Ventures"-ə yatırım etməsidir. Sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat yatırım edib. “Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.

 

© copyright 2022 | tech.az | info@tech.az