Az | EN

Süni intellekt dövründə açıq elm (open science)

Cəmil Hüseynzadə
08 Mart 2025 12:53
172 baxış
Süni intellekt dövründə açıq elm (open science)

Süni intellekt artıq demək olar ki, yeni bir mədəniyyətin formalaşmasına təsir edir. Məlumatları nə qədər gizli saxlayıb paylaşmasan, inkişaf imkanlarını da o qədər məhdudlaşdırırsan. Artıq bütün nəhəng şirkətlər və ölkələr bu açıq və paylaşımcı mədəniyyəti mənimsəməyə başlayıblar. Əks halda, uğursuzluq qapının eşiyindədir.

Elm dünyasında aparılan tədqiqatların nəticələrinin sadəcə elmi jurnallarda dərc olunub qalması, məlumatların yenidən istifadə edilməməsi və əldə edilə bilməməsi məsələsi mənim uzun zamandır diqqətimi çəkən və hətta narahatlıq duyduğum bir məsələdir. Milyardlarla dolların və minlərlə saatın sərf olunduğu dəyərli elmi tədqiqatlar sadəcə əlçatmaz məlumatlar olaraq itib gedir. Belə dəyərli biliklərin istifadəsiz qalması məni həqiqətən üzür və bunu dəyişmək üçün artıq konkret addımların atılması lazımdır.

Elm adamı Sean Hill deyir ki, əslində biz elmin daha da inkişaf etməsini istəyiriksə, aparılan tədqiqat məlumatlarını asan tapılan, süni intellektlə istifadə edilə biləcək formada hazırlamalıyıq. O bildirir ki, əsas maneə məhz məlumatları tapmağın, əldə etməyin və yenidən istifadənin çətin olmasıdır.

Bu problemi həll etmək üçün Sean Hill “Senscience” adlı yeni bir təşəbbüs qurub. Bu təşəbbüs Frontiers nəşriyyatının yeni FAIR² Data Management xidmətindən istifadə edir və əsas məqsədi elmi məlumatları süni intellekt üçün hazır vəziyyətə gətirməkdir. Bu xidmət məlumatları süni intellektin rahat istifadə edə biləcəyi şəkildə strukturlaşdırır və açıq şəkildə əlçatan edir. Nəticədə, həm elm adamları, həm də dərman istehsalı və yeni materialların hazırlanması kimi sahələrdə fəaliyyət göstərən şirkətlər üçün bu məlumatlar daha faydalı hala gəlir.

Hill-in sözlərinə görə, elm adamları artıq əldə olunan məlumatları gələcək tədqiqatlarda istifadə edə bilmədikləri müddətcə elmdə tərəqqi çox çətin olacaq. Ona görə də məlumatların süni intellektə uyğun, asan əldə edilən və istifadəyə açıq olması mühüm əhəmiyyət daşıyır.

Elmin Keyfiyyətinin yüksəldilməsi

“Senscience” İsveçrədə yerləşən Frontiers adlı elmi nəşriyyat tərəfindən yaradılmış süni intellekt məhsuludur. Məqsədi açıq elmi (open science) dəstəkləyərək müxtəlif elm adamları və akademiyalar arasındakı əməkdaşlığı asanlaşdırmaq və elmi araşdırmaların keyfiyyətini artırmaqdır. Digər təsisçisi Henri Mark isə beynin necə işlədiyini anlamağa çalışan tanınmış bir alimdir. O, beynin rəqəmsal modellərini yaratmaq üçün məşhur olan “Mavi Beyin Layihəsi”nin və Avropa İttifaqının dəstəklədiyi “İnsan Beyni Layihəsi”nin təsisçisidir. Onun 450-dən çox elmi məqaləsi var və bu məqalələrə təxminən 55 min dəfə istinad olunub.

Əsas problem müxtəlif elmi məlumatları elə formada təşkil etməkdir ki, onları həm insanlar, həm də süni intellekt rahat başa düşüb istifadə edə bilsin. Onun sözlərinə görə, elmi məlumatlar mətn və rəqəmlərin paylaşılmasından daha mürəkkəbdir çünki bütün detallar vacibdir.

Hill təxminən on il ərzində müxtəlif məlumat bazası həllərini sınadı, lakin nəticə uğurlu olmadı. Bu səbəbdən o, müxtəlif yerlərdə yerləşən məlumatları idarə edə bilən və hər elmi məlumatın ən xırda detallarını belə qeyd edən “Blue Brain Nexus” platformasının yaradılmasına rəhbərlik etdi. Platforma bilik qrafiki texnologiyasına əsaslanır. Bilik qrafikləri əvvəllər çox istifadə edilmirdi, amma indi müxtəlif mənbələrdən gələn məlumatları (strukturlaşdırılmış və ya strukturlaşdırılmamış) və müxtəlif formatları birləşdirmək üçün tez-tez istifadə olunur.

FAIR² Məlumat Paylaşımı

Uzun illərdir ki, elmi məlumatların paylaşılması üçün FAIR prinsipləri (tapılan, əlçatan, uyğunlaşdırıla bilən və yenidən istifadə edilə bilən) əsas rol oynayır. Ancaq maşın öyrənməsi və süni intellekt elmi tədqiqatlarda daha çox istifadə olunduqca məlumatların da bu texnologiyalara uyğun olması zərurəti yaranır.

Senscience şirkəti FAIR prinsiplərini daha da təkmilləşdirərək FAIR² adlanan yeni bir spesifikasiya hazırlayıb. Bu spesifikasiya məlumatları süni intellektin istifadə edə biləcəyi formata çevirir. Məlumatların tapılmasını, əldə edilməsini, digər məlumatlarla uyğunlaşdırılmasını və təkrar istifadəsini avtomatlaşdırır. FAIR² metodologiyası süni intellektlə işləyən “məlumat nəzarətçisi” vasitəsilə məlumatların təşkil edilməsini avtomatlaşdırır, istifadəsini asanlaşdırır və idarə edilməsinə kömək edir.

FAIR² məlumat formatı (fair2.ai), MLCommons Croissant ilə uyğun gəlir. Bu format məlumatların təsviri, strukturu və metadata məlumatlarını birləşdirərək maşın öyrənmə üçün hazır hala gətirir.

Senscience-in yaratdığı həll yolu alimlərə öz araşdırma məlumatlarını FAIR² Məlumat Paketlərinə çevirmək, interaktiv məlumat portalları yaratmaq və Frontiers jurnalında elmi məlumatların paylaşılması üçün nəzərdə tutulan məqalələr nəşr etmək imkanı verir. Bu, elm adamlarının məlumatlarının görünürlüğünü və istifadəsini artıraraq, əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Senscience sistemi vasitəsilə elm adamları araşdırmalarını rahatlıqla istifadə edilə bilən formaya çevirə bilərlər. Bunun üçün onlar sadəcə əlyazma, elektron cədvəl və digər sənədlərini platformaya yükləyirlər. Sistem bu məlumatlardan interaktiv məlumat portalı yaradır və istifadəçilərin məlumatlarla bağlı suallarını süni intellekt vasitəsilə cavablandırır.

Ölkəmizdə də bu cür innovativ yanaşmaları tətbiq etmək üçün əlverişli şərait və potensial var. Məsələn, universitetlərdə və dövlət müəssisələrində toplanmış müxtəlif elmi məlumatların vahid açıq məlumat platformasında (open data portal) birləşdirilməsi mümkündür. Bu məlumatların açıq və süni intellektə uyğun olması tədqiqatçıların işini asanlaşdırar və ölkəmizin elmi potensialını artırar.

Hill-in sözlərinə görə, elm adamları artıq əldə olunan məlumatları gələcək tədqiqatlarda istifadə edə bilmədikləri müddətcə elmdə tərəqqi çox çətin olacaq. Ona görə də məlumatların süni intellektə uyğun, asan əldə edilən və istifadəyə açıq olması mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə də belə bir mövcud olan açıq məlumat portalının inkişafı elmimizin inkişafına və müxtəlif sahələrdə yenilikçi əməkdaşlıq imkanlarının yaranmasına əhəmiyyətli dərəcədə təkan verəcəkdir.

© copyright 2022 | tech.az | info@tech.az