Az | EN

SWOT analizi nədir?

Bənövşə Kazımova
23 Mart 2023 12:20
4015 baxış
SWOT analizi nədir?

SWOT analizi istənilən bir hadisəni, prosesi və ya startapın (şirkətin) fəaliyyətini analiz etmək üçün istifadə olunan ən populyar metoddur. SWOT sözü ingilis dilində 4 sözün baş hərflərindən yaranıb: Strengths (güclü tərəflər), Weaknesses (zəif tərəflər), Opportunities (fürsətlər) və Threats (üzləşə biləcəyi təhlükələr).

Bu analizi ilk dəfə Albert Humfrey tərəfindən 1960-1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox startaplar qeyd etdiyimiz amillərin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər.

Analiz startapın daxili amillərini (güclü və zəif tərəfləri) və xarici amilləri (fürsətlər və təhdidlər) nəzərə alır. Güclü tərəflər bir işin digərlərindən daha yaxşı edə biləcəyi şeylərdir. Zəif cəhətlər bir işin digərlərinə nisbətən çatışmayan cəhətləridir. İmkanlar biznesin əldə edə və istifadə edə biləcəyi əlverişli vəziyyətlərdir. Üzləşə biləcəyi təhlükə isə startapın uğuruna mənfi təsir göstərə bilən xarici amillərdir.

SWOT analizi startapın strateji planlaşdırılması, yeni məhsul və ya xidmətin təqdim edilməsi, rəqabət təhlili kimi bir çox hallarda istifadə edilə bilər. Bu təhlil startapa öz güclü tərəflərini daha da möhkəmləndirməyə, zəif tərəflərini aradan qaldırmağa və fürsətlərdən istifadə edərək təhdidlərlə mübarizə aparmağa imkan verir.

Bu analizi aparmaq üçün startapın daxili və xarici amilləri müəyyən edilməlidir. Məsələn, güclü tərəflər hansılardır? Zəif cəhətləri nələrdir? Hansı fürsətlər mövcuddur? Hansı təhlükə ola bilər? Bu sualların cavablarına uyğun olaraq startapın SWOT matrisi yaradılır və onun strateji məqsədlərinə uyğun olaraq addımlar atılır.

SWOT analizi startapa (eləcə də hər hansısa biznes müəssisəsi, şirkət) strateji qərarlar qəbul etməyə kömək edən mühüm vasitədir. Bu analiz eyni zamanda rəqibləri anlamaqda və sağlam rəqabət aparmaqda ciddi kömək olur.

 

© copyright 2022 | tech.az | info@tech.az