Az | EN

Toxum kapitalı (Seed Capital) nədir?

Bənövşə Kazımova
02 Mart 2023 13:02
2818 baxış
Toxum kapitalı (Seed Capital) nədir?

Startapın inkişafı üçün önəm daşıyan məqamlardan biri, əlbəttə ki, onun maliyyələşdirilməsidir. Startapçılar innovativ ideyalarını həyata keçirmək üçün ilk növbədə maliyyə əldə etməlidirlər. Bu baxımdan startapın ilkin mərhələsindən satışına kimi müxtəlif maliyyələşmə növləri tətbiq olunur.  

Startapa başlamaq bazarın tədqiqi, məhsulların hazırlanması və marketinqi, komanda yaratmaq kimi prosesləri həll etmək üçün böyük maliyyə tələb edir. Toxum kapitalı startapın qurulmuş bir işə çevrilməsi üçün tələb olunan dört maliyyə mərhələsindən birincisidir. 

Toxum kapitalı biznesin qurulmasından əvvəl tədqiqat və inkişaf, marketinq, işçilərin işə qəbulu və digər əməliyyat xərclərini maliyyələşdirmək üçün məhsul və ya xidmətin prototipini hazırlamaq üçün istifadə olunur. Bu ilkin kapital mələk investorlar tərəfindən təmin edilə bilər. Həmçinin startapçının şəxsi aktivlərindən, dostlarından və ya ailəsindən gələ bilər. 

İnvestorlar startapa toxum kapitalı yatırmaqla startapın daha ilkin mərhələdə uğur qazanmaq potensialını müəyyən edə və potensial böyük gəlir əldə edə bilərlər. Bununla belə, toxum kapitalı əldə etmək çox da asan məsələ deyil. Çünki kapital ilkin mərhəldə qoyulduğu üçün investorlar startapın potensialını və sahibkarın imkanlarını düzgün qiymətləndirməli və təhlil etməlidirlər.

Toxum kapitalının məqsədi investorların diqqətini cəlb etmək və vençur kapitalı əldə etməkdir. Bu səbəbdən o, vençur kapitalından fərqlidir. Belə ki, vençur kapitalı investorları ayırdıqları investisiyalardan gəlir əldə etməyi hədəfləyir və onlar artıq fəaliyyət göstərən startapa yatırım edirlər. Toxum kapitalı isə ilkin mərhələdə olan xərclərə görə yatırılır.


















 

© copyright 2022 | tech.az | info@tech.az