Az | EN

Azərbaycan startap ekosistem xəritəsi 2022

Cəmil Hüseynzadə
23 Fevral 2023 20:00
6434 baxış
Azərbaycan startap ekosistem xəritəsi 2022

Azərbaycan startap ekosistemi gənc və hələ ki, kiçik ekosistemdir. Buna baxmayaraq indiyə qədər uğurlu-uğursuz yüzlərlə startap qurulub. Bunlardan bəziləri dünya bazarına çıxmağı da bacarıb. Ekosistemin ən uğurlu hadisəsi 2022-ci ilin əvvəlində Nextsale startapının “exit” etməsidir. 

Startap ekosisteminin inkişafı üçün müxtəlif oyunçular işləri öz öhdəliklərini götürərək çalışırlar. Son illərdə oyunçular uğurlu işlər həyata keçirilər.

Öz növbəsində dövlət qurumları da bunun üçün işlər görürlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoparka rezident olanlara təqdim etdiyi güzəştlər, Technest təqaüd proqramı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilən Startap şəhadətnaməsi ekosistemə dəstək addımlarıdır.

Bu güzəştlərin davam etdiyi zamanda hələ ki, ölkəmizdə startapların fəaliyyətini ölçən, ekosistemin hesabatını hazırlayan heç bir təşkilat olmayıb. Bu səbəbdən də ekosistemin ən sürətli mediası tech.az olaraq biz bu işi etmək qərarına gəldik. 

Olduqca çətin və məsuliyyətli olan bu işdə 61 startap iştirak etdi. 

Startap ekosisteminin inkişafı üçün müxtəlif istiqamətlərdə işlər həyata keçirilir. Bunu müxtəlif qurum və təşkilatlar həyata keçirirlər. Aşağıdakı bu təşkilatların siyahısı yer alıb.

 

Ölkəmizdə qurulan startapların əsas mərkəzi paytaxt Bakı olsa da, regionlarda da bu proses başlamaqdadır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da startap quran şəxslərin cins bölgüsündə kişilər çoxluq təşkil edir. Amma sevindirici hal odur ki, qadınların qurduqları startaplar daha dayanıqlıdır.

Statistika göstərir ki, 20-24 yaş aralığındakı şəxslər öz startaplarını qurmağa daha çox meyillidirlər.

 

Yuxarıda qeyd etdiyimiz kimi ekosistem çox gəncdir və inkişaf edir. Elə bu səbəbdəndir ki, ən çox startap qurulan il 2022-ci ildir.

Ekosistemin gəncliyinə baxmayaraq qurulan startaplar müxtəlif sahələrdədirlər. Data, oyun, blokçeyn, fintek və s.

Bildindiyi kimi ən uğurlu startaplar bir neçə (əsasən 3) təsisçisi olan startaplardır. Ölkəmizdə də sevindirci haldır ki, startap quranlar şəxslər startapı ortaqları ilə birlikdə qurub inkişaf etdirirlər.

Startaplara ən gərəkli olan investisiyadır. Bir çox hallarda startaplar investor tapmaqda çətinlik çəkdiklərini bildirsələr də 2022-ci ildə startaplara kifayət qədər yüksək məbləğdə investisiyalar edilib. Həmçinin startap quranlar da öz ideyalarına tam inanaraq yatırım ediblər.

Bir çox hallarda startaplara investisiya edənlər arasında VC-lər ilk sırada gəlsələr də ölkəmizdə bu belə deyil. İlk sırada akselerasiya mərkəzləri gəlir.

Düzgün istiqamətdə xərclənən investisiyalar startapların böyüməsinə və dayanıqlı olmasına kömək edir. Azərbaycanda startapların əsas vəsait xərclədikləri istiqamətlər də bu yöndədir.

Startaplara ən çox yatırım edən qurumlar kimi ən çox dəstək olanlar da akselerasiya mərkəzləridir.

Tech.az media olaraq bir neçə startapla birbaşa görüşüb onlarla startapları və ekosistem barəsində danışdıq. Epoint, Safavy, Payriff və E-Legal startaplarının təsisçiləri Zeynal Kərimzadə, Könül Quliyeva, Türkan Fərzəliyeva və Səmayə Həbibova öz fikirlərini bölüşdülər.

Startupın qurulma hekayəsi nədir?

Zeynal Kərimzadə:

Mənim keçmişdə professional karyeramda çalışdığım istiqamət bank idi. Aparıcı korporativ bankların birində POS-terminal və E-commerce biznesinin rəhbəri olmuşam. Uzun müddət fəaliyyət göstərəndən sonra, həmçinin pandemiya vaxtında burada olan boşluğu hiss elədim. Gördüm ki, ümumiyyətlə, bazarda olan bankların resursları tez bir zamanda kiçik bizneslərə qoşulma prosesini təmin edə bilmir. Bu səbəbdən bu ideyanı araşdırmağa başladım. Artıq 2021-ci ildə biz bu ideyanın üzərində texniki olaraq çalışmağa başladıq və demək olar ki, bazara çıxdığımız gündən 90 faiz müştərilərimiz kiçik və orta sahibkarlardır, hansılar ki, qısa bir müddət ərzində onlayn şəkildə elektron kommersiya və elektron kommersiyaya aid əlavə ekstra xidmətləri həm veririk, həm də ki artırmağı planlaşdırırıq.

 

Səmayə Həbibova:

Mənim dostlarımın çoxu Amerikada yaşayır. Orada tez-tez məndən yaşayış sahəsinin kirayəsi ilə bağlı müqavilə düzəltmək üçün köməklik istəyənlər olurdu. Mən onlara başa salmağa çalışırdım ki, hər bir ştatda qanunlar fərqlidir və buna uyğun olaraq ixtisaslaşmış hüquqşünaslar var. Bir çox yerdə belədir. Hər bir hüquqşunas müəyyən sahə üzrə ixtisaslaşır. Müqavilənin hazırlanması ilə bağlı hüquqşünas axtarışına çıxdıqda isə onlayn hüquq xidmətləri təklif edən portalla rastlaşdıq və bu portal yalnız korporativ xidmətlər təklif edirdi.

Daha sonra düşündüm ki, niyə Azərbaycanda istər məhkəmə, istərsə də korporativ və ya gündəlik həyatda baş verən məsələləri hüquqi üsulla tənzimlənməsi üçün asan, əlçatan portal yoxdur? Niyə ixtisaslaşmış hüquqşünasların olduğu bir platforma olmasın? Niyə avtomotik müqavilələri insanlara təqdim edərək onların vaxtına qənaət etməsinə şərait yaratmayaq? Bütün bu və digər bir çox səbəblərdən peşəkar hüquqşünaslarla birlikdə danışıb belə bir platforma yaratmağa qərar verdik. 

 E-LEGAL-ın isə əsas məqsədi odur ki, sizin arzuladığınız xidmətin məhz həmin sahə üzrə ixtisaslaşmış hüquqşünasın təqdim etməsidir. Yəni inzibatı hüquq üzrə ixtisaslaşmış hüquqşünas korporativ hüquq işini görməyəcək, korporativ hüquq üzrə ixtisaslaşmış ailə hüququ məsələsini görməyəcək. Portal özü sizi yönləndirəcək. Əlavə olaraq, mən regionlarda olanda insanların hüquqi yardım almalarında çətinlik çəkdiklərini müşahidə edirdim. E-LEGAL həm də rayonlar üçün çox böyük bir avantaj olacaq ki, evlərini tərk eləmədən artıq peşəkar hüquqşünaslara insanların əlçatanlığı olacaq. 

Könül Quliyeva: 

Mənim fəaliyyət istiqamətim təhsil və təlim sahəsidir. Məhz elə pandemiya dövrü başlayanda təlimlərdə iştirakımla bağlı çətinliklər çəkirdim. Məni müəllim və təlimçi olaraq regionlara dəvət edirdilər. Pandemiya dövründə düşündük ki, ümumiyyətlə, dünya özü rəqəmsallaşmağa doğru gedirsə, niyə biz də regionumuzda təhsildə rəqəmsallaşmanı əlçatan etməyək? Bunun üçün də “Təhsili əlçatan edək” devizi altında Safavy onlayn təhsil platformasını yaratdıq və ilk dövrdən etibarən də çox yaxşı geridönüşlərlə qarşılaşdıq.

2020-ci ildəki istifadəçilərin yaş aralığı 18-30 olan gənclər idi. Gənclərin 75 faizi xarici dil biliyi olmadığından xarici platformalardan istifadə edə bilmir. Eyni zamanda akademik səviyyədə xarici dil bilgiləri yüksək deyil və ümumiyyətlə, yaşadığı regiona görə də kurslardan, dərslərdən, təhsildən kənarda qalır. Biz düşünürük ki, rus, ingilis dilindən çox istifadə etmək ehtiyacımız olmadan öz dilimizdə inkişaf edə bilərik. Biz də bu prinsiplərlə yola çıxdıq. Düşünürəm ki, doğru yoldayıq, çünki gələn nəticələr onu göstərir.

 

Türkan Fərzəliyeva:

PayRiffdən öncəki startupda ödəniş sistemi ilə bağlı bir çox problemlərlə qarşılaşırdıq. Ən çox bizi narahat edən hissələrdən biri uyğun ödəniş sistemi tapa bilməmək idi. Öncəliklə banklara müraciət etmişdik. Sadəcə danışıqlar, müqavilə, texniki sənədlərin alınması ən az 3-4 ayımızı aparmışdı. Aylar sonra API-ları alandan sonra isə başqa problemlərlə qarşılaşırdıq. Belə ki, müştəri məhsul alandan sonra məhsullardan biri stokda olmayanda onun ödənişini hissəli geri qaytarmaq üçün banka, daha sonra isə müvafiq prosessinq mərkəzinə elektron məktub yazmalı olurduq. Aldığımız cavab isə “7-14 iş günü ərzində araşdırılandan sonra qaytarıla bilər” olurdu. Bu da yeni bazara daxil olmuş startup üçün marka dəyərinin aşağı salınmasına səbəb olurdu. 

Bu problemləri nəzərə alaraq bu sahədə startap üzərində çalışmağa başladım. Müştərilərə daha yaxşı xidmət verə bilmək və şəxslərdən asılılığı sıfıra salmaq məqsədilə, qoşulmanı 1-2 dəqiqə ərzində tamamilə onlayn şəkildə yaratdıq. Eyni zamanda ödənişlərin tam və hissəli şəkildə geri qaytarılması üçün istifadəçi panelində funksionallıq təmin etdik. İlk gündən saytda açıq texniki sənədlər və hazır plaginləri yerləşdirdik ki, kiçik və orta sahibkarlar əziyyət çəkməsinlər. Hazırda onlayn ödəniş qəbul edə bilmək üçün 20-ə yaxın fərqli funksionallığımız mövcuddur. Həmçinin nağd şəkildə də terminallar vasitəsilə ödəniş qəbulu imkanı yaradırıq.

 

 

Özünüzün 2022-ci ildə yatırdığınız investisiya nə qədərdir?

Zeynal Kərimzadə:

Startapın tam olaraq 100 faiz təsisçi mən olmuşam. Və ilkin investisiyaları mən etmişəm. Rəqəm deyə bilməcəyəcəyəm, çünki bu rəqəm müəyyən bir resurslarda işıqlandırıla bilər. Aldığımız investisiyaları deyə bilərəm, biz 2022-ci ildə “Prouction”da işləyirdik. 170 000 dollar bir raundda investisiya almışdıq. Bir neçə sponsorumuz da var idi. Oradan da müəyyən məbləğlər almışıq. Ümumilikdə biz investisiyaları çıxmaq şərti ilə 2022- nin sonuna, yəni dekabrın sonuna əməliyyat xərclərini tam olaraq qarşılaya bilirik və hazırda startapımız yalnız Azərbaycanda çalışır, yeni bazarları hələ araşdırırıq. 2023-cü ildə ən azından bir yeni bazara çıxmağı planlaşdırırıq.

 

Səmayə Həbibova:

Mən özümü tamamilə həsr eləmişəm E-LEGAL-a. Ümumiyyətlə, əgər bir startapçı gününün ən azından beş saatından, dörd saatından çoxunu həsr edirsə, əsasən isə öz şəxsi həyatından kəsir və vaxtını həsr edirsə, deməli ortada böyük bir inam var ki, layihəsi uğurlu olacaq. Yəni, bu həvəs deyil, qarşıya qoyulan məqsəddir.  Biz keçən il investisiya almağı niyyət eləməmişdik.  Düşünürdüm ki, hələ ki, düzgün deyil. Hələ startapın tamamilə Azərbaycandakı dəyərini mən bilməliyəm, ondan sonra investisiya ala bilərəm. Bu səbəbdən 2022-də investisiya almamışıq. 2023-də isə artıq bütün məhsullarımızı (200+ hüquq xidməti) elektronlaşdırdığımızdan və strategiyamızı qurduğumuzdan bu barədə artıq düşünürük.

 

Könül Quliyeva:

Startapın əsas mövzularından biri maliyyə tərəfidir. 2020-ci ilə qədər heç bir kənar investisiyamız olmayıb. MVP-dən sonra satışlara, layihələrə müəyyən hissə pul ayırmağa başladıq. Amma bir müddət sonra, 2022-ci ildə, strategiya yalnız elə idi ki, biz yüksək məbləğdə investisiya cəlb eləyək və xarici bazara çıxarmalı idik. Amma görürdük ki, Azərbaycanda EdTech sahəsinin bir az şansı, necə deyərlər, aşağıdır, investorlar həssas və maraqla yanaşmırlar.

2022-də  özümüz kiçik məbləğlərdə nağd olaraq yatırım elədik. Ən böyük yatırım, məncə, insan kapitalıdır. Mən özüm korporativ sektorda çalışmışam. İşimdən ayrılıb ancaq startap üzərində çalışıram.

 

Türkan Fərzəliyeva:

Bizdə “bootstrapping” olmayıb. Ümumiyyətlə, bir təsisçi üçün finteklərdə “bootstrap” etmək çox çətindir. İdeya mərhələsindən investisiya cəlb edə bilmişik. Maddi investisiya etməsəm də, resurs olaraq öz vaxtımın hamısını sərf edirəm. Payriff-dən başqa heç bir yerdə işləmirəm və uzun illərdir biznes və marketinq sahəsində çalışıb, konsaltinq xidməti də görürdümsə, onların heç birini etmirəm. Çünki “full-addiction” Payriff-dədir və məncə startaplar komandalarının əsas fokusları bir yerdə toplananda uğurlu olurlar. Bizdə proqramçılar “in house” komanda şəkində çalışır və hazırda  iyirmidən çox  əməkdaşımız var. 

 

 

Startapınıza ən çox dəstək olan dövlət qurumları hansılardır?

Zeynal Kərimzadə:

Biz müəyyən layihələrdə KOBİA ilə uzun müddətdir sıx əməkdaşlıq edirik. Bu istiqamətdə müzakirələr aparırıq, müəyyən görüşlər olur. Amma hansısa bir dövlət qurumundan hansısa xüsusi dəstək almamışıq. Sadəcə ekosistem iştirakçısı olaraq bizim İqtisadiyyat Nazirliyi və KOBİA ilə daimi olaraq əlaqəmiz var. 

Take Off-da ikinci yeri tutmuşduq. Biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tərkibində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə də çox sıx əməkdaşlıq edirik. Yəni fikir bölüşmələri olur. Amma üəyyən bir layihələrdə qarşılıqlı hansısa bir maddi və konkret dəstək olmayıb. 

 

Səmayə Həbibova:

KOBİA-dan 2022-ci ilin may ayında Azərbaycanda ilk onlayn hüquq xidmətləri olaraq Startap Şəhadətnaməsi almışıq. Beləcə, 3 il vergidən azad edilmişik.

E-GOV-la isə ASAN Loginin inteqrasiyası ilə bağlı müqavilə imzalamışıq. Bu isə öz növbəsində, müştərilərimizə təhlükəsiz sistemlə təmin etməyimizə köməklik edib. 

ASAN Xidmət nəzdində İnnovasiyalar Mərkəzi sayəsində isə ofislə təmin edilmişik.

Hələ ki, bu kimi dəstəklər almışıq. Lakin düşünürəm ki, E-LEGAL Azərbaycanda hüquq sahəsində cığır açan bir platforma olaraq daha böyük dəstəklər alacaq. Bu il ümidimiz daha böyükdür.

 

Könül Quliyeva:

Dövlət qurumlarından başda təbii ki, KOBİA-nın dəstəyini vurğulamaq istəyirəm. Startap şəhadətnaməsinin verilməsi bizim üçün çox yaxşıdır. Gələn hər bir dəstək bizim və bütün startaplar üçün dəyərlidir və satışı olan, əməliyyatı olan startap üçün vergidən azad olunmaq özü də bir dəstəkdir. Amma bundan əlavə, Take Off-da biz 50 startap arasında 6-lığa düşdük. Bizə dəstək mexanizmləri hədiyyə edilmişdi, amma hələ ki icrasını gözləmə mövqeyindəyik. Digər tərəfdən isə rezidenti olduğumuz INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyini görürəm. Mentorlar, mütəxəssislər 7/24 əlçatandır. Netvörkinq cəhətdən burada əyləşmək imkanımız var. Bir də biz bir neçə dəfə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tədbirlərinə qatılmışıq. O da bizə netvörkinq, investorlar qarşısına çıxmaq baxımdan əhəmiyyət kəsb edir. 

 

Türkan Fərzəliyeva:

Bizə əsas dəstək KOBİA-dan startap şəhadətnaməsi almağımızdır. Amma orada da müəyyən imtiyazların artımını gözləyirik. Sadəcə mənfəət vergisindən azad olma deyil, digər vergilərdə də güzəştin tətbiqini istəyərdik. Startaplar üçün həqiqətən də vergiləri ödəmək bir az çətin olur. Çünki bizdə 20-dən çox əməkdaşımız olduğuna görə DSMF vergiləri çox olur və bunun bir az yüngülləşməyini istəyirik. ASAN İmza və ASAN Login tərəfindən də dəstək almışıq. Elə ilk gündən ASAN İmza-ya inteqrasiya etmişik. 

 

Fəaliyyətiniz zamanı qarşılaşdığınız problemlər nələrdir? 

Zeynal Kərimzadə:

Fəaliyyətimiz zamanı qarşılaşdığımız problemlər də olur. Ən çox qarşılaşdığımız problem Azərbaycanda elektron kommersiyanın zəif inkişaf etməsidir. Bunun səbəbləri var. Biri card-to-card məsələsidir. Fərdi sahibkarlar, şirkətlər elektron kommersiyaya qoşulmaq istəmir və fiziki şəxslər vəsaitlər alırlar. Bunu biz Mərkəzi Bankın qarşısında qaldırdıq ki, banklara bu istiqamətdə nəzarət eləsin. O biri məsələ vergi xidmətinə bağlı bir məsələ idi ki, ƏDV geri al xidmətinın hazırda e-kommersə qoşulmaq imkanı yoxdur. Ona görə ki fiziki olaraq tokenlər istifadə olunur və oradan elektron açarları biz gözləyirik. 

Ümumiyyətlə, finteklər bir çox ölkələrdə müəyyən imtiyazlara malikdir. Burada belə bir önəmli bir faktor var. Bu, ƏDV məsələsi ilə bağlıdır. Biz adi bir şirkət olaraq, kommersiya qurumu olaraq avtomatik olaraq müəyyən qaimələr göndərdiyimiz zaman dövriyyəmiz 200 mini keçdikdə ƏDV-yə keçmək məcburiyyətində qalırıq. Halbuki bizim göstərdiyimiz xidmətlər maliyyə xidmətləridir. Əks tərəfi, yəni bankları götürsək, banklar maliyyə qurumları olduğu üçün qanunvericilikdə ƏDV-dən azaddır və bu nəyə gətirib çıxarır. Biz də banklardan müəyyən komissiyaları götürüb həmin o xidmətlərin üzərinə hansısa bir öz marjamızı qoyub satırıq. Faktiki olaraq eyni xidməti göstəririk. Məsələn, bu xidmətlərə görə ƏDV ödəmədiyi üçün onların müştərilərə təklif etdiyi tariflərdə ƏDV- sizdir. Biz isə həmin o tarifləri təqdim edəndə artıq müəyyən bir dövriyyədən sonra ƏDV- yə keçməyə məcburuq və avtomatik olaraq 18 faiz üstünə xərc gəlir. Bu, fintekləri banklara nisbətdə rəqabətədavamlı eləmir. Ona görə bir çox ölkələrdə bizim kimi şirkətlər ƏDV-dən azaddırlar. Məsələn, Gürcüstanın özündə də ƏDV-dən azaddırlar və bu düşünürəm ki, kifayət qədər vacib mövzudur. Hansı ki biz bunu işıqlandırmalıyıq və burada da müəyyən bir imtiyazlar almalıyıq. Ən azından banklarla bu xidməti bərabərləşdirib ƏDV-dən azad etsələr, bizim kimi şirkətlərə çox kömək olmuş olacaq. 

 

Türkan Fərzəliyeva:

Qarşılaşdığımız problemlər isə çoxdur. Mərkəzi Bank hal hazırda qanunlar üzərində təkmilləşdirmələr aparır. Ümidimiz budur ki, təkmilləşdirmələr bizim kimi sistemlərin xeyrinə olsun. Bizim əsas istəyimiz proseslərin sürətli getməsidir.

2022-ci ilin ekosistem hesabatın ildən ilə startapların inkişafda olduğunu və gələcəkdə daha çox uğur qazanacaqlarını göstərir. Hesabatın hazırlanmasına iştirak edəb bütün startaplara təşəkkür edir və uğurlar diləyirik!

Məlumatları digər platformalarda paylaşarkən mənbənin “hyperlink” ilə göstərilməsi, sosial media hesablarında “@techazmedia”nın təq edilməsi vacibdir.

 

© copyright 2022 | tech.az | info@tech.az